Premyer Liqanın III turu "Qarabağ" və "Neftçi"nin futbolçuları üçün əlamətdar olub

Premyer Liqanın III turu "Qarabağ" və "Neftçi"nin futbolçuları üçün əlamətdar olub “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov yubiley qoluna imza atıb.
Futbol
2 Sentyabr , 2019 12:53
Premyer Liqanın III turu Qarabağ və Neftçinin futbolçuları üçün əlamətdar olub

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov yubiley qoluna imza atıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın III turunun “Sumqayıt”la görüşündə (2:1) hesabı bərabərləşdirən futbolçu üçün bu top ikiqat önəm kəsb edib.

Mahmudov Azərbaycan çempionatında 10-cu qolunu vurub. Buna 51-ci matçında nail olan yarımmüdafiəçi bütün matçlarını bir komandada – “Neftçi”də keçirib. “Ağ-qaralar”ın kapitanının paytaxt təmsilçisindəki ümumi qol sayı 15-ə çatıb. Premyer Liqadakı 10 qoldan başqa avrokuboklarda 4, Azərbaycan Kubokunda 1 dəfə fərqlənən futbolçu 63-cü matçında 15-ə çatıb. 

Flaqmana “Sumqayıt” üzərində çətin qələbə qazandıran qolun müəllifi Stiven Monroz da yubiley qeyd edib. Fransalı legioner Premyer Liqada 50-ci oyununu keçirib. “Neftçi”yədək “Qəbələ”də çıxış etmiş Monroz 47 matça əyalət təmsilçisində, 3 oyuna indiki klubunda çıxıb.

Çempionatın III turu “Qarabağ”ın iki futbolçusu üçün də yubileylə əlamətdar olub. "Səbail"i  4:0 hesablı ilə məğlub etdikləri görüşdə bir qolla pay sahibi olan Dani Kintana komandasının heyətində 40-cı dəfə fərqlənib. 2015-ci ildən “Qarabağ”ın şərəfini qoruyan ispaniyalı legioner yubiley qolunu 139-cu matçında vurub. Kintananın bu qollarından 31-i Premyer Liqa, 3-ü Azərbaycan Kuboku, 6-sı avrokuboklara təsadüf edib. 

Onun komanda yoldaşı Abdullah Zubir isə yubiley oyununu keçirib. Görüşə ikinci hissədə daxil olan fransalı yarımmüdafiəçi “Qarabağ”da 50-ci matçına çıxıb. 2018-ci ilin yayında transfer olunan yarımmüdafiəçi Premyer Liqada 25, Azərbaycan Kubokunda 4, avrokuboklarda 21 dəfə şans qazanıb.

Son xəbərlər

Orphus sistemi