Bakı. 17 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.
"Report" xəbər verir ki, turun son oyununda “Qarabağ” “Qəbələ”ni qəbul edib.
Qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesab erkən açılıb. Dördüncü dəqiqədə Riçard Almeyda penaltidən fərqlənməklə “Qarabağ”ı önə keçirib. 28-ci dəqiqədə qonaqlar da penaltidən hesabı bərabərləşdiriblər. "Qəbələ”nin kapitanı Cavid Hüseynov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
Əyalət təmsilçisinin qol sevinci uzun çəkməyib. İki dəqiqə sonra Filip Ozobiç baxımlı qol vuraraq komandasını yenidən hesabda önə çıxarıb.
Bu nəticədən sonra ikinci pillədə qərarlaşan “Qarabağ” xallarının sayını 37-ə çatdırıb və lider “Neftçi” ilə xal fərqini birə endirib. “Qəbələ” isə 23 xalla dördüncü yerdədir.
Qeyd edək ki, günün digər matçında “Səbail” “Sabah”ı məğlub edib – 1:0. Dünən keçirilmiş oyunlarda “Keşlə” “Sumqayıt”ı 2:1 hesabı ilə üstələyib. “Neftçi” isə “Zirə” ilə heç-heçə edib – 0:0.