Bakı. 30 avqust. REPORT.AZ/ “Qarabağ mövzusuna marağım 2009-cu ildə Ermənistana səfərimdən sonra yarandı. İlk dəfə məhz orada bu torpaqlar haqda, yerlə-yeksan olan Ağdam – “ruhlar şəhəri” barədə eşitdim. Hətta ora getmək istəyirdim. Amma mənə bunun çox təhlükəli olduğunu izah etdilər”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın “Qarabağ” futbol klubu haqda kitabın müəllifi olan Emmanuele Culianelli “Il Caffe Geopolitico”ya geniş müsahibəsində deyib. O, əvvəlcə belə bir kitab yazmaq ideyasının olmadığını söyləyib: “Bu, elə də böyük bir tarix deyil. Amma hiss etdim ki, bu barədə bütün dünyaya danışmalıyam. Bu mövzuda “Eurasianet”, FIFA-nın rəsmi jurnalına, “Corriere della Sera” və digər KİV-lərdə yazmışam. Məlumatları toplamaq üçün illər lazım oldu. Amma futbolçular, jurnalistlər, siyasətçilərlə əlaqələrim sayəsində kitabı yazdım. Kitab vasitəsi ilə “Qarabağ” klubu və Qarabağ müharibəsi haqda daha dəqiq məlumatları çatdırmağa çalışdım”.
Azərbaycan futbolundan söz açan Culianelli “Qarabağ”ın uğurlarından, “Neftçi”nin Avropa Liqasının qrupuna düşməsindən, milli komandanın AVRO-2020-yə vəsiqə qazanmağı hədəfləməsindən danışıb: “Azərbaycanda futbol inkişaf edir və bunu sübutu yalnız “Qarabağ”ın Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış etməsi deyil. 2012-ci ildə “Neftçi” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Baxmayaraq ki, orada qələbə qazana bilməyib. Milli komanda da inkişafdadır. Bunu yığmanın FIFA reytinqindəki mövqeyindən də görmək olar. Komanda 2014-cü ildə 135-ci yerdə idi, 2016-cı ildə isə 90-cı sıraya yüksəlmişdi. Hazırda isə 105-ci pillədədir. Berti Foqts və Robert Prosineçkidən sonra yerli federasiya əsas millinin baş məşqçisi postuna ən məşhur yerli mütəxssisi – Qurban Qurbanovu gətirməyə qərar verdi. Gənclər yığması isə Qurbanovun sağ əlinə - “Qarabağ”ın kapitanı Rəşad Sadıqova tapşırılıb. Məqsəd Qurbanovun fəlsəfəsini, qalib ruhunu yığmaya gətirməkdir. Çünki “Qarabağ” məhz onun rəhbərliyi altında ardıcıl 5 dəfə ölkə çempionu olub, 3 dəfə Avropa Liqasının, 1 dəfə ÇL-in qrupuna düşüb. Faktiki olaraq, Azərbaycanda bir neçə matçı Bakıda keçiriləcək AVRO-2020-yə vəsiqə qazanmaq barədə düşünürlər. Yeni təsis edilən Millətlər Liqası turniri vasitəsi ilə bu hədə əlçatan görünür”.
İtaliya yazar bildirib ki, hazırda idman Azərbaycan və Ermənistan arasında sülh prosesində rol oynaya bilməz.
Qeyd edək ki, Azərbaycan və Ermənistan milliləri ilk dəfə təşkil olunacaq Millətlər Liqasında D liqasında yer alıblar. Bu komandalar öz qruplarının qalibi olsalar, AVRO-2020-yə vəsiqə uğrunda “Dödlər finalı” formatında qarşılaşa bilərlər.