Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən "Qarabağ" bu gün turnirin 1/8 final mərhələsində Almaniya təmsilçisi "Bayer 04" ilə qarşılaşacaq.
"Report"un araşdırmasına görə, Ağdam təmsilçisi indiyədək avrokuboklarda Almaniyanın 4 klubu ilə üz-üzə gəlib.
Ümumilikdə bu ölkə komandalarına qarşı baş tutan 8 matçın 7-si "Qarabağ"ın məğlubiyyəti ilə yekunlaşıb. "Köhlən atlar" yalnız bir görüşdə heç-heçə etməyi bacarıb.
Azərbaycan çempionu Almaniya klublarına qarşı oyunlarda 4 qol vurub, öz qapısından isə 18 qol buraxıb.
"Qarabağ" UEFA Avropa Liqasının 2010/2011 mövsümünün pley-off mərhələsində Dortmund "Borussiya"sı ilə qarşılaşıb. Almaniyada rəqibinə 0:4, Bakıda 0:1 hesabı ilə məğlub olan "köhlən atlar" avrokuboklarla vidalaşıb.
Almaniya təmsilçisi ilə ikinci görüş UEFA Avropa Liqasının 2013/2014 mövsümünə təsadüf edib. Turnirin pley-off mərhələsində "Ayntraxt" ilə üz-üzə gələn "Qarabağ" Bakıdakı ilk oyunda rəqibinə 0:2 hesabı ilə uduzub. Almaniyada keçirilən matç isə ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
UEFA Avropa Liqasının 2022/2023 mövsümünün qrup mərhələsində "Qarabağ" növbəti dəfə Almaniya təmsilçisi ilə qarşılaşıb. Bu dəfə rəqib "Frayburq" olub. Təmsilçimiz Almaniyada 1:2 hesabı ilə uduzub, Bakıda isə heç-heçə (1:1) qeydə alınıb.
"Qarabağ" UEFA Avropa Liqasının 1/8 finalında bu gün üz-üzə gələcəyi "Bayer 04" ilə turnirin qrup mərhələsində oynayıb. Almaniya təmsilçisi doğma meydanda 5:1, Bakıda 1:0 hesablı qələbə qazanıb.