Hakimin rəqibə simpatiyası hiss olunurdu.
Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Emin İmaməliyev UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstan təmsilçisi “Ludoqorets”lə oyunla bağlı deyib.
Mütəxəssis hakimin “Qarabağ”a qarşı bəzən ədalətsiz qərarlar verdiyini düşünür:
“Ludoqorets” sanki kobud oynayırdı. Hakim də onlara heç bir vərəqə göstərmək, qapılarına cərimə zərbələri təyin etmək istəmirdi. Birinci hissədə Marko Yankoviçə, Olaviyo Juninyoya qarşı dəfələrlə kobudluq edildi. Amma hakim “Qarabağ”ın futbolçularına sarı vərəqələr göstərirdi”.
E.İmaməliyev məğlubiyyəti bəxtsizliklə əlaqələndirib:
“Qarabağ” oyuna pis başlamadı. Sadəcə, həmin gün komandanın bəxti gətirmədi. Qol imkanlarından istifadə edə bilmədilər və qapılarında iki top gördülər. Komanda cavab oyununa daha yaxşı hazırlaşıb pley-offa yüksəlmək üçün istənilən nəticəni əldə edə bilər. Şans hər zaman var. Məncə, bir top fərqi “Qarabağ” üçün problem olmamalıdır. Futbolda hər şey mümkündür. İnanıram ki, mərhələni keçən tərəf “Qarabağ” olacaq. İstər-istəməz bu rəqiblə ilk dəfə qarşılaşırdı”.
O, rəqibin zəif olmadığını da vurğulayıb:
“Ola bilər rəqibi tam analiz etməmişdilər. Qurban Qurbanov da demişdi ki, oyuna istədikləri kimi hazırlaşa bilməyiblər. Bəlkə hardasa çatışmazlıqlar olub. Artıq rəqibi daha yaxşı tanıyırlar. Fikrimcə, analiz edib, istədikləri nəticəni qazanacaqlar. İlk hissədə heç olmasa bir, iki qol vursaydılar, oyun fərqli davam edərdi. Rəqib də zəif deyil. Neçə ildir Bolqarıstan çempionu olurlar”.
Qeyd edək ki, Azərbaycan çempionu “Ludoqorets”ə 1:2 hesabı ilə uduzub. Cavab qarşılaşması avqustun 13-də olacaq.