Qazaxıstanın "Kayrat" klubu ulduz futbolçusu Vaqner Lavla cari mövsümün sonunda yollarını ayıracaq.
"Report" "Sports.ru" saytına istinadən xəbər verir ki, 37 yaşlı hücumçu Almatı təmsilçisinin məşqçilər korpusunun planlarına daxil deyil.
Baş məşqçi Kurban Berdıyev bu səbəbdən, braziliyalı oyunçunu yalnız bir oyunda 90 dəqiqə meydanda saxlayıb.
Lavın gələn il 38 yaşı olacaq və türkmənistanlı mütəxəssis onun mövsüm ərzində istədiyi oyunu göstərməsinə şübhə ilə yanaşır.
Təcrübəli oyunçu ilə bağlı narazılıqlar onun yaşı və maaşı ilə bağlıdır. Berdıyev daha gənc oyunçulara şans verməyi üstün tutur. Bundan başqa, heyətdə futbolçu ilə rəqabət apara biləcək Joao Paulu, Artur Şuşenaçev və Xose Kante kimi hücumçular da var.
"Kayrat" növbəti mövsüm çempionluq titulunu qaytarmaq niyyətindədir və yenidən Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmağa çalışacaq. Transfer pəncərəsində klubdan ayrılan tək Vaqner Lav olmayacaq. Braziliyalı oyunçu öz növbəsində karyerasını bitirməyi planlaşdırmır. Çünki daha çox oynamaq üçün gücünün olduğunu hiss edir. Onun karyerasını Asiyada davam etdirmək ehtimalı da var.
Qeyd edək ki, "Kayrat" UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda "Qarabağ"ın qonağı olacaq. Qarşılaşma oktyabrın 21-də gerçəkləşəcək.