Futbol üzrə Qazaxıstan çempionatında XXV turun digər oyunları keçirilib.
"Report" xəbər verir ki, turun mərkəzi matçında "Kayrat" lider "Astana"nı qəbul edib.
Qarşılaşma Almatı təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kurban Berdıyevin baş məşqçi olduğu komandanın yeganə qolunu 9-cu dəqiqədə Neboyşa Kosoviç vurub.
Bürünc medalı daha əvvəl təmin etmiş "Kayrat" xallarının sayını 50-ə çatdırıb. 56 xalı olan "Astana" isə məğlubiyyətdən sonra liderliyini itirməli olub.
Çempionluğa iddialı digər komanda "Tobol" Karaqanda "Şaxtyor"unu 4:1 hesabı ilə üstələyib və 58 xalla birinci pilləyə yüksəlib.
Qeyd edək ki, Qazaxıstan çempionatında sonuncu - XXVI tur oktyabrın 30-da olacaq. "Kayrat" UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda "Qarabağ"a 1:2 hesabı ilə uduzub.