Bakı. 18 sentyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsinin ilk turunda Portuqaliyada "Sportinq"in qonağı olacaq "Qarabağ"ın səfər proqramı müəyyənləşib.
"Report" klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gün saat 19:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanında çarter reysi ilə yola düşəcək. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oyunöncəsi mətbuat konfransı sentyabrın 19-u Bakı vaxtı ilə saat 21:30-a təyin olunub.
Oyundan dərhal sonra vətənə dönəcək Ağdam təmsilçisi sentyabrın 21-də saat 09:05-də Bakıya çatacaq.
Qeyd edək ki, sentyabrın 20-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək "Sportinq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.