"Qarabağ"ın müdafiəçisi: "Koronavirusa yoluxduğumu testdən öncə hiss etdim"

"Qarabağ"ın müdafiəçisi: "Koronavirusa yoluxduğumu testdən öncə hiss etdim" "Hazırda özümü yaxşı hiss edirəm. Xorvatiyada oteldəyəm. Günü-gündən daha da yaxşılaşıram".
Futbol
20 Noyabr , 2020 17:43
Qarabağın müdafiəçisi: Koronavirusa yoluxduğumu testdən öncə hiss etdim

"Hazırda özümü yaxşı hiss edirəm. Xorvatiyada oteldəyəm. Gündən-günə daha da yaxşılaşıram".

Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın və Azərbaycan millisinin koronavirusa yoluxan futbolçusu Rahil Məmmədov deyib.

24 yaşlı müdafiəçi testin nəticəsindən əvvəl xəstəliyin simtomplarını hiss etdiyini bildirib: "İlk olaraq, temperaturum yüksəlib. Ara-sıra halsızlıq hiss edirdim. Test verdik və nəticəsi müsbət oldu. Hələlik növbəti testin nə vaxt olacağı ilə bağlı məlumat verilməyib. Bakıya qayıdacağımız vaxtı da bilmirik, gözləyirik. Təhlükəsizliyə görə otaqdan çıxmağa icazə yoxdur, məşq etmək də mümkün deyil. Testin cavabı mənfi olduqdan sonra Bakıya qayıda bilərik".

Məmmədov hər kəsin koronavirusa inanmalı olduğunu vurğulayıb: "Mənim tanıdıqlarım, yaxınlarım, hər kəs bilir ki, ehtiyatlı olmaq lazımdır. Mənə elə gəlir ki, kiminsə koronavirusa inanmaması mifdir. Bu fikir düşüb internetə, hamı da sual verir ki, koronavirusa inanırsınız? Mən indiyə kimi görməmişəm ki, kimsə "koronavirus boş şeydir" desin. Əvvəl inanmayanlar da inanmağa başlayıb. Hamı bu xəstəlikdən özünü qorumalı və bütün qaydalara riayət etməlidir. Hər şeydən önəmli insanların sağlamlığıdır".

Müdafiəçi koronavirusla adi qrip arasında fərqi hiss etmədiyini söyləyib: "Qripdən necə temperatur qalxır və insan halsız olursa, bu xəstəlikdə də elədir. Arada isə yüngül başağrım olurdu. O ağrı da çox çəkmədi".

Uzunmüddətli zədədən sonra sıraya qayıdan və ardınca koronavirusa görə oynaya bilməyən Məmmədov formasını yenidən bərpa etmək üçün çalışacağını deyib: "Zədələr və belə hallar həyatın, futbolun bir hissəsidir. Heç bir şeydən şikayətim yoxdur. Müalicəmi yekunlaşdırdıqdan sonra yenidən formama qayıdacağam".

Qeyd edək ki, Rahil Məmmədov və Təmkin Xəlilzadənin koronavirus testi noyabrın 16-da müsbət nəticə verib. Həmin vaxt onlar Azərbaycan millisinin düşərgəsində olublar.

Son xəbərlər

Orphus sistemi