"İlk oyunda "Kayrat"ın təhlükəli rəqib olduğunu gördük. Həmin matçdan sonra rəqib haqqında ancaq müsbət fikirlər deyə bilərəm. Komanda balanslıdır və bir-birini yaxşı başa düşən beş müdafiəçi ilə oynayır".
"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Kadi Borges Malinovski Qazaxıstanda "Kayrat" klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə "sports.kz" saytına müsahibəsində deyib.
25 yaşlı yarımmüdafiəçi rəqibin təhlükəli əks-hücumçularının olduğunu bildirib "İlk qarşılaşma bizim üçün möhtəşəm və çətin idi. Düşünürəm ki, Almatıdakı görüş də azarkeşlər üçün çox maraqlı olacaq".
Braziliyalı oyunçu "Kayrat"ın ilk matçda hesabı qoruya bilməməsi barədə danışıb: "Bunun səbəbini deyə bilməyəcəyəm. Futbolun gözəlliyi elə budur - hər şeyi sözlə ifadə etmək çətindir. Həmin gün biz döyüşçülər kimi vuruşduq və sonadək mübarizə apardıq. Rəqib futbolçular da belə düşünə bilərlər, onlar da mübarizə aparırdılar. Oyunun sonunda hər şey bizim xeyrimizə oldu. Qarşılaşmanın gedişatını dəyişdirə və hər şeyi öz leyhimizə çevirə bildik. Futbolda bəxtə inanmıram. Həmin görüşdə baş verənlər zəhmətimizin bəhrəsidir. Məşqlərdə çox işləyirik. Qələbəyə inandıq, əlimizdən gələni etdik və sonadək mübarizə apardıq. Ona görə nəticə ədalətlidir".
Borges səfərdəki matçın çətin keçəcəyini sözlərinə əlavə edib: "Yaxşı və yüksək səviyyəli futbolçulardan ibarət kompakt komandaya qarşı oynayacağıq. Mümkün qədər diqqətli olmalı və sonadək mübarizə aparmalıyıq. Azarkeşlər iki yaxşı komandanın qarşılaşmasından həzz alacaqlar. Buna zəmanət verə bilərəm".
Yarımmüdafiəçi UEFA üzvü olan şərq ölkələrindəki futbolun vəziyyəti ilə bağlı fikirlərini də bölüşüb: "Etiraf edim ki, sözün yaxşı mənasında təəccübləndim. Çünki "Qarabağ" da, "Kayrat" da yüksək səviyyəli futbol sərgiləyir. Hər iki komandada keyfiyyətli oyunçular var və dinamik, sürətli futbol nümayiş etdirirlər. Onlar ən yüksək tərifə layiqdir, istənilən rəqibə tab gətirə bilirlər. Bu komandalar ən yaxşı çempionatlarda çıxış edə bilər".
O, soyadının bir hissəsinin Malinovski olmasına da toxunub: "Mənim ata tərəfdən babam polyak mənşəlidir. Polyak köklərim var və əslən polşalıyam".
Borges Azərbaycandakı futbolu bəyəndiyini vurğulayıb: "Buraya yeni gəlmişəm, ancaq müsbət təəssüratlarım var. Fantastik Bakı şəhəri, gözəl ölkə, çox qonaqpərvər və mehriban insanlar... Burada hər şey xoşuma gəlir. Hər gün sözün yaxşı mənasında təəccüblənirəm. Futbola gəlincə, deyə bilərəm ki, burada çempionat pis deyil. Demək olar ki, bütün komandalar rəqabətlidir və sizdən xal ala bilərlər. İndiyədək hər şeydən razıyam".
Yarımmüdafiəçi “Qarabağ” Konfrans Liqasında nə qədər irəli gedə bilər" sualına konkret cavab vermək istəməyib: "Belə sualları cavablandırmağı heç sevmirəm. Müsahibənin əvvəlində dedim ki, futbolun gözəlliyi onun gözlənilməzliyindədir. Ona görə də bu suala dəqiq cavab verə bilmərəm. Bizim üçün ən vacib oyun qarşıdakıdır. Hər matçda azarkeşlərimizi sevindirməyə, mümkün qədər uzağa getməyə çalışacağıq".
Qeyd edək ki, noyabrın 4-də Almatı şəhərindəki "Ortalık" stadionunda keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.