Çempionlar Liqasının qrup mərhələsində oynamaq bir çoxlarının arzusudur. Bizim isə hədəfimizdir.
Bunu "Report"a açıqlamasında Azərbaycan Premyer Liqasının qalibi olan "Qarabağ"ın futbolçusu Leandro Andrade deyib.
24 yaşlı yarımmüdafiəçi qitənin bir nömrəli klub turnirində mübarizə aparmaq istədiklərini söyləyib: "Bu mövsüm rəqiblərlə oyunlarda bir daha öz gücümüzə bələd olduq. Komandamız bu yarışda oynayacaq səviyyədədir".
Kabo Verdedən olan oyunçu çempionluq haqqında da fikirlərini bölüşüb: "Futbolçular bu günlər üçün yaşayırlar. Allahın nəzərində olan insanlarıq. Premyer Liqanın qalibi olduq. Bu gün üçün vuruşuruq ki, sonda titulu qeyd edək".
L.Andrade iyunun 2-də "Zirə"yə qarşı keçirəcəkləri ölkə kubokunun final matçına da toxunub: "Birmənalı şəkildə deyə bilərəm ki, çətin mübarizə olacaq. Çünki "Zirə" Premyer Liqa matçlarında bizə çətinliklər yaşadıb. Final bir oyundan ibarətdir. Hər şey ola bilər. Qələbə qazanacağımızı gözləyirik".
O, son olaraq haqqında çıxan transfer xəbərləri barədə danışıb: "Uğurlu mövsümdən sonra mətbuatda bu cür xəbərlərin yayılması normaldır. Mənim istəyim və arzum bu klubda qalmaqdır. "Qarabağ"da çox xoşbəxtəm".