"Uzun illər Portuqaliyada oynamışam. Azərbaycanda isə bir neçə aydır çıxış edirəm. Təbii ki, bu iki ölkənin futbolu bir-birindən fərqlənir. Amma hər iki komanda meydana 11 nəfərlə çıxacaq".
Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Kevin Medina Azərbaycan millisinin Portuqaliaya qarşı keçirəcəyi DÇ-2022-nin seçmə mərhələ oyunu barədə danışarkən deyib.
Ağdam təmsilçisinə keçidinədək yalnız Portuqaliya klublarının formasını geyinən kolumbiyalı müdafiəçi bildirib ki, Canni De Byazinin başçılıq etdiyi kollektivin bugünkü matçda xal qazanmaq şansı ola bilər: "Yığmanızın heyətində səviyyəli futbolçular var. Sadəcə, matça konsentrasiya olmaq lazımdır. Hamı meydana bir düşüncə ilə çıxmalıdır. Bu yolla rəqibi təəccübləndirmək olar. Niyə də olmasın"?!
28 yaşlı oyunçu Azərbaycan millisinə azarkeşlik edəcəyini söyləyib: "Gizlətmirəm, Portuqaliya yığması xoşuma gəlir. Yaxşı futbol nümayiş etdirirlər. Heyətində Kriştianu Ronaldu, Joau Feliş kimi futbolçular var. Amma Azərbaycan millisində komanda yoldaşlarım çıxış edir. Digər tərəfdən, son illərdə inkişaf etməkdə olan kollektivdir. Buna görə də sizin yığmaya azarkeşlik edəcəyəm. Komandanızın qalib gəlməsini istəyirəm".
Təcrübəli futbolçu yığmadakı həmkarlarına sırf rəqib komandanın lideri Kriştianu Ronalduya köklənməməyi məsləhət görüb: "Çünki Portuqaliya millisinin hücum xəttində hazırda Ronaldudan da təhlükəli futbolçular var. Felişi xüsusi qeyd edərdim. Sadəcə, meydana çıxıb tam konsentrasiya ilə kompakt formada oynamalıdırlar. Tək Ronalduya yox, oyuna köklənmək lazımdır".
Medina qarşılaşma ilə bağlı proqnozunu da açıqlayıb: "Bu məsələdə elə də bacarıqlı deyiləm. Amma Azərbaycan millisinin 1:0 və ya 2:1 hesabı ilə qalib gəlməsini istəyərdim. Adətən böyük kollektivlər nisbətən zəif yığmalara qarşı oynayanda onlarda arxayınlaşma olur. Bu səbəbdən yığmanız rəqibi təəccübləndirə bilər".
Qeyd edək ki, İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.