"Qarabağ"ın futbolçusu: "Növbəti mövsümdə də çempion olmaq istəyirik" - MÜSAHİBƏ

"Qarabağ"ın futbolçusu: "Növbəti mövsümdə də çempion olmaq istəyirik" - MÜSAHİBƏ Azərbaycan Premyer Liqasının qalibi olan "Qarabağ"ın futbolçusu Abbas Hüseynov "Report"un suallarını cavablandırıb.
Futbol
27 May , 2024 16:10
Qarabağın futbolçusu: Növbəti mövsümdə də çempion olmaq istəyirik - MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının qalibi olan "Qarabağ"ın futbolçusu Abbas Hüseynov "Report"un suallarını cavablandırıb.

28 yaşlı müdafiəçi mükafatlandırma mərasimindən sonra Ağdam təmsilçisində növbəti dəfə çempion olmasından, avrokuboklardakı hədəflərdən danışıb.

Cinah müdafiəçisi iki il Azərbaycan millisinə dəvət almamasına da toxunub.

- Altıncı dəfə "Qarabağ"la Azərbaycan Premyer Liqasının qalibi oldunuz. Təəssüratlarınız necədir?
- Bu ailənin bir üzvü, parçası olduğum üçün xoşbəxtəm. İnanılmaz hisslərdir. Hər azərbaycanlı futbolçuya bu anları yaşamağı arzulayıram.

- Sizcə, budəfəki çempionluq digərlərinə nisbətən daha asan başa gəldi? Digər komandalar rəqabətdə sizə çox uduzdular.
- Mən belə deməzdim. Elə oldu ki, biz yaxşı oynadıq. Məğlub olduğumuz qarşılaşmalar da var idi. Şükürlər olsun ki, vaxtından əvvəl çempionluğu təmin etdik. Növbəti ildə də bu titula sahib çıxmaq istəyirik.

- Zədənizi sağaldandan sonra baş məşqçi Qurban Qurbanov sizə start heyətində tez-tez şans verir. Növbəti mövsüm əsas "11-lik"də yer almaq üçün çalışacaqsınız?
- Qurban müəllimə bunun üçün təşəkkür edirəm. Zədədən sonra güvənir, şans verir. Mən də özümü yaxşı tərəfdən göstərmək üçün əlimdən gələni edirəm. İnanıram ki, növbəti mövsüm daha da güclənəcəyəm və əsas heyətin dəyişməz üzvü olacağam.

- İyulda avrokuboklarda mübarizəyə start verəcəksiniz. Komandanın növbəti mövsüm Avropada hədəfi nə olacaq?
- Artıq Avropada hər ölkənin komandaları futbol oynamağı bacarırlar. Əsas istəkdir. İstəyimiz olsa, yaxşı nəticələr əldə edə bilərik. Necə ki, bu mövsum bunu göstərmişik.

- Zədəyə görə iki il Azərbaycan millisindən də kənarda qalmısınız. Artıq geri dönmək haqqında düşünürsünüz?
- Əlbəttə. Növbəti ay toplanışa dəvət almaq istəyirəm. Yığmada oynamaq hər futbolçunun arzusudur. Fəxr edirəm ki, azərbaycanlıyam. Nə vaxt çağırsalar, ürəklə oynayacağam. İnanıram ki, Arif Əsədov mənə də dəvət göndərəcək. Zədədən qayıdandan sonra daha güclü olduğumu sübut etmək niyyətindəyəm.

Son xəbərlər

Orphus sistemi