"Qarabağ"ın futbolçusu Donald Gerye Haiti yığmasındakı karyerasını bərpa edib.
"Report" xəbər verir ki, 32 yaşlı cinah oyunçusu bu barədə "Haititempo" nəşrinə açıqlamasında bildirib.
Gerye yığmadan uzaqlaşmasının səbəblərindən söz açıb: "Haiti hökumətində çalışan birisi ilə futbol federasiyasının bəzi rəhbər şəxsləri barədə yaşanan problemlərimdən danışdım. Həmin şəxs mənə dedi ki, bu insanlar artıq orada yoxdur və yenidən yığmaya qayıda bilərəm. Çünki ölkənin mənə ehtiyacı var. Ona dedim ki, bu barədə həyat yoldaşımla danışmalıyam. Hökumət rəsmisi cavab verdi ki, mən Haitidən bir səfirəm və geri qayıtmalıyam. Həmin şəxslərin Haiti Futbol Federasiyasında olmadığını nəzərə alsaq, artıq yığmaya qayıtdığımı deyə bilərəm".
Təcrübəli oyunçu 2021-ci ildəki hədəflərindən danışarkən bunları söyləyib: "Klubumla çempionluq qazanmaq və Haiti yığması ilə dünya çempionatının final mərhələsinə yüksəlmək niyyətindəyəm. DÇ-2022-də oynamaq istəyirəm".
Qeyd edək ki, Donald Gerye 2020-ci ilin avqustunda yığmadakı karyerasını başa vurduğunu açıqlamışdı.