"Qurban Qurbanov orada çox insani davrandı".
Bunu "Report"a müsahibəsində "Qarabağ"ın sahibi və fəxri prezidenti Abdolbari Gözəl "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanovun Bakıda Fransa "Marsel"inə 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundakı feyr-pley jesti barədə danışarkən deyib.
73 yaşlı funksioner bildirib ki, bu, dünyaya, futbol cameəsinə dərs olub: "Bildilər ki, kişilik, mərdlik belə olar. Bizim bəzi qollarımızın sayılmamasına Avropada klublarının öz azarkeşləri belə, etiraz etmişdilər. "Bu qol "Qarabağ"ın haqqı idi, sayılmaması bizim haqsız qazancımızdır, lehimizə olan belə haqsızlığı istəmirik" deyirdilər. Biz Azərbaycan mədəniyyəti və düşüncəsini xaricilərə təqdim edə bildik. Bu, bir oyundur. Savaş da olsa, bir qaydası olmalıdır. Biz haqsız qazanc istəmirik".
Abdolbari Gözəl 50 yaşlı mütəxəssisin şəxsən səlahiyyətli olduğunu və hər seçimləri özünün etdiyini söyləyib: "Qurban Qurbanov gözəl insandır, niyyəti pakdır. Ümidvaram ki, arzu-istəyimizə yenə nail olacağıq".
Abdolbari Gözəlin müsahibəsini ətraflı şəkildə buradan oxuya bilərsiniz.