"Bu bizim üçün böyük sevincdir. Demək olar ki, ən böyük sevincimizdir. Klub olaraq hamı kimi cənab Prezidentə, Ali Baş Komandana minnətdarlığımızı bildiririk".
Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın direktoru Emrah Çelikel deyib.
Funksioner 1998-ci ildən Bakıda olduğunu xatırladıb: "Həmin gündən bu vaxta qədər Qarabağ bizim ağrılı yerimiz idi. İndi isə sevinc qaynağımız oldu. Bu sevincimizin isə tarifi yoxdur. Səhərə kimi yatmamışıq".
Çelikel "Qarabağ"ın ev oyunlarını doğma Ağdamda keçirmələrinin mümkünlüyünü də dilə gətirib: "Qələbə xəbəri yenidir. Cənab prezidentin çıxışında izlədik ki, Ağdamı noyabrın 20-də geri alacağıq. Bundan sonra orada yaşayışın nə zaman bərpa ediləcəyini gözləyəcəyik. "Qarabağ"ın İmarətdə oynaması reallığa yaxınlaşır. Bu da hər kəsi bir başqa cür sevindirir. Dövlətimiz necə tapşırıq versə, ona böyük sevinc və qürurla hazırıq".