"Qarabağ"ın Avroliqada rəqibi müəyyənləşib

Futbol
  • 16 avqust, 2018
  • 21:00
Qarabağın Avroliqada rəqibi müəyyənləşib

Bakı. 17 avqust. REPORT.AZ/ "Qarabağ" klubunun futbol üzrə Avropa Liqasının "play-off" mərhələsindəki rəqibi müəyyənləşib.

"Report"un məlumatına görə, bu, Moldovanın "Şerif" komandasıdır.

Tiraspol şəhərinin təmsilçisi Avroliqanın III təsnifat mərhələsində İslandiya "Valür"ünü mübarizədən kənarlaşdırıb. Ötən həftə Moldovadakı ilk görüşdə 1:0 hesabı ilə qalib gələn Qoran Sabliçin baş məşqçisi olduğu kollektiv cavab oyununda uduzub - 1:2. Hesabı 40-cı dəqiqədə islandiyalı Haukur Pall Siqurdsson açıb. 68-ci dəqiqədə isə Zigi Badibanqa bərabərlik qolunu vurub. 90+1-ci dəqiqədə Kristinn İngi Halldorsson "Valür"ün qələbə topunu vurub. Lakin Moldova komandası səfər qolu sayəsində mərhələ adlayıb.

Beləliklə, "Qarabağ"la "Şerif" ardıcıl ikinci mövsüm avrokuboklarda bir-birinə rəqib olub. Ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsinə təsadüf edən görüşdə Azərbaycan komandası iki oyunun nəticəsində qalib gəlib - 0:0, 2:1.

Budəfəki qarşılaşmalar isə avqustun 23-də Tiraspolda, avqustun 30-da isə Bakıda keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti