Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verəcək.
"Report"un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Son ölkə çempionu "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq.
3 turdan sonra Ağdam klubu 4 xalla 5-6-cı, "gənclik şəhəri" təmsilçisi isə 6 xalla 1 - 3-cü yerləri bölüşdürür. "Qarabağ"ın zədəli futbolçuları Rahil Məmmədov, Mahir Emreli, Xayme Romero və Abdullah Zubir qarşılaşmada iştirak etməyəcək. "Sumqayıt"da isə qapıçı Mehdi Cənnətov eyni səbəbdən oyunu buraxacaq.
Komandalar indiyədək daxili çempionatda 31 dəfə üz-üzə gəliblər. Bunların 23-də "Qarabağ", 5-də isə "Sumqayıt" 3 xal qazanıb. 3 görüşdə isə qalib müəyyənləşməyib. Topların fərqində də "köhlən atlar"ın aşkar üstünlüyü var - 65:14. Ağdam təmsilçisi rəqibinə qarşı son 18 matçda meydanı qolsuz tərk etməyib. "Sumqayıt" 8 qarşılaşmada yalnız 1 dəfə xal qazana bilib.
Azərbaycan Premyer Liqası, IV tur
25 sentyabr (cümə)
19:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Kapital Bank Arena”
Qeyd edək ki, turun "Keşlə - "Zirə" və "Səbail" - "Sabah" matçları sentyabrın 26-da, "Neftçi" - "Qəbələ" dueli isə sentyabrın 27-də gerçəkləşəcək.