“Qarabağ” Avropa Liqasında ölkəsinin titullu komandaları ilə qarşılaşacaq

“Qarabağ” Avropa Liqasında ölkəsinin titullu komandaları ilə qarşılaşacaq Bakı. 31 avqust. REPORT.AZ/ UEFA Avropa Liqasının E qrupunda yer alan “Qarabağ” ölkəsinin titullu komandaları ilə qarşılaşacaq.
Futbol
31 Avqust , 2018 17:10
“Qarabağ” Avropa Liqasında ölkəsinin titullu komandaları ilə qarşılaşacaq

Bakı. 31 avqust. REPORT.AZ/ UEFA Avropa Liqasının E qrupunda yer alan “Qarabağ” ölkəsinin titullu komandaları ilə qarşılaşacaq.

“Report” xəbər verir ki, İngiltərənin “Arsenal” və Portuqaliyanın “Sportinq” klubları istər daxili, istərsə də beynəlxalq miqyaslı yarışlarda bir sıra uğurlara imza atıblar.

1886-cı ildə təsis edilən “Arsenal” İngiltərənin yüksək liqasında ən uzun müddət çıxış edən klubdur. London təmsilçisi 1919-cu ildən elitada yer almaqla, mütləq rekordçudur. Ev oyunlarını 59 867 tamaşaçı tutumuna malik “Emireyts” stadionunda keçirən “topçular”ı 2018/2019 mövsümünə yeni baş məşqçi – Unai Emeri ilə başlayıb. Üç dəfə Avropa Liqasının qalibi olan ispaniyalı mütəxəssis son 22 ildə bu postu tutan Arsen Vengeri əvəzləyib.

Komandanın kapitanı türk əsilli almaniyalı futbolçu Mesut Özildir. Heyətdə Petr Çex, Pyer-Emerik Obameyanq, Şkodran Mustafi, Aron Remzi, Aleksandr Lyakazett kimi tanınmış futbolçular, eləcə də Ermənistan millisinin kapitanı Henrix Mxitaryan yer alıb.

“Arsenal” ötən mövsüm İngiltərə Premyer Liqasında 6-cı yeri tutmaqla, Avropa Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanıb. London komandası tarixi ərzində 13 dəfə ölkə çempionu, eyni sayda İngiltərə Kubokunun, 2 dəfə isə Liqa Kubokunun qalibi olub. 15 dəfə İngiltərə Superkubokunu əldə edən "topçular" Çempionlar Liqasının, Avropa Liqasının və UEFA Superkubokunun finalçısıdır. London təmsilçisi Kuboklar Kubokunu və Yarmarkalar Kubokunu qazanıb.

"Arsenal" 2000-ci ildə həmin vaxt UEFA Kuboku adlanan yarışın finalında Türkiyənin "Qalatasaray" komandasına penaltilər seriyasında uduzub.

1906-cı il iyulun 1-də təsis edilən “Sportinq” Portuqaliyanın ən titullu komandalarından sayılır. Ev oyunlarını 50 049 tamaşaçı tutumuna malik “Joze Alvalade” stadionunda keçirən Lissabon təmsilçisinin baş məşqçisi Joze Pezeyrudur.

"Sportinq" 18 dəfə Portuqaliya çempionu olmaqla yanaşı, 21 dəfə gümüş, 27 dəfə isə bürünc medal qazanıb. 20 dəfə ölkə kubokunu qazanan paytaxt komandası 17 dəfə də finalçı olub. Ötən mövsüm Portuqaliyanın Liqa Kubokunu əldə edən "Sportinq" 8 dəfə ölkə Superkubokunu muzeyinə aparıb.

"Qarabağ"ın rəqibi Kuboklar Kubokunun və 2005-ci ildə UEFA Kuboku adlanan yarışın qalibidir. “Sportinq” ötən mövsüm ölkə çempionatında 3-cü yeri tutub və birbaşa Avropa Liqasının qrupuna düşüb.

“Sportinq” ötən mövsümün sonunda ciddi böhranla üzləşib. Komandanın Avropa Liqasının 1/4 finalında turnirin qalibi İspaniya “Atletiko”suna uduzması Lissabon təmsilçisinin prezidenti Bruno de Karvalyo və azarkeşləri özündən çıxarıb. Nəticədə futboçuların klub rəhbəri, eləcə də azarkeşlərlə problemi yaranıb. 50 nəfərə yaxın fanatın klubun bazasına hücum çəkərək bəzi oyunçuları döyməsi son hədd olub.

Klubun səhmdarları prezident Bruno di Karvalyunu postundan uzaqlaşdırıblar. Baş məşqçi Jorji Jezus və bəzi futbolçular isə azarkeşlərin davranışından dolayı komandanı tərk ediblər.

Yay fasiləsində “Qarabağ”a keçən Simeon Slavçev “Sportinq”in sabiq futbolçusudur. 2014-cü ildə bu kluba keçən bolqarıstanlı yarımmüdafiəçi əsas komandada oynaya bilməyib. Müxtəlif klublara icarəyə verilən legioner oyunçu bu il Portuqaliya təmsilçisi ilə vidalaşıb.

"Vorskla" 1955-ci il yanvarın 5-də təsis olunub. Poltava təmsilçisinin prezidenti Roman Çernyak, baş məşqçisi Vasili Saçkodur.

Ev oyunlarını 24 586 tamaşaçı tutumuna malik Aleksey Butovski adına stadionda keçirən komanda son mövsümdə Ukrayna Premyer Liqasının bürünc medallarını qazanıb və Avropa Liqasının qrup mərhələsinə birbaşa vəsiqə əldə edib.

Komandanın heyətində 6 legioner yer alıb. Onlardan biri Ermənistan millisinin hücumçusu Qeqam Kadimyandır.

"Vorskla" tarixi ərzində iki dəfə Ukrayna Kubokunun qalibi olub (1956, 2009). Poltovalılar iki dəfə ölkə çempionatının bürünc medalını qazanmaqla yanaşı (1997, 2018), I divizionda 1-ci yeri tutublar (1996).

Son xəbərlər

Orphus sistemi