"Qarabağ" və İsrailin "Aşdod" klubları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununun biletləri iyulun 16-da satışa çıxarılacaq.
Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin "Report"a verdiyi məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma üçün arenanın ümumi tutumunun 50 faizi qədər - 15 min bilet ayrılacaq.
Onun sözlərinə görə, biletləri şəhərin 3 nöqtəsindən - mərkəzi arenanın kassalarından, "FAV Azerbaijan"ın ofisindən və klubun "Park Bulvar"dakı fan-şopundan almaq mümkün olacaq.
Biletlərin qiymətləri sektorlar üzrə 3 manat, 5 manat, 10 manat, 20 manat və 30 manat arasında dəyişir.
Qeyd edək ki, iyulun 22-də oynanılacaq "Qarabağ" - "Aşdod" qarşılaşması saat 20:00-da başlayacaq.