Düşünürəm ki, İtaliyada güclü rəqiblərə qarşı oynamaq faydalı oldu.
Bunu “Report”a açıqlamasında “Qarabağ” akademiyasının koordinatoru Aftandil Hacıyev klubun U-16 komandasının İtaliyanın Neapol şəhərində təşkil olunan “Blue Devils Cup” beynəlxalq turnirində iştirakı haqqında danışarkən deyib.
43 yaşlı mütəxəssis “Yuventus”, “Roma”, “Fiorentina”, “Napoli” və “Dinamo” (Zaqreb, Xorvatiya) kimi tanınmış klubların da daxil olduğu, 24 komandanın mübarizə apardığı yarışda güclü rəqiblərlə qarşılaşdıqlarını söyləyib:
“İlk dəfə idi belə turnirə qatılırdıq. Uşaqlar üçün yenilik oldu. Kifayət qədər keyfiyyətli komandalar var idi. Uşaqlar İtaliya klublarının aşağı yaş qruplarını canlı gördülər, çəkinmədilər, oynadılar. Görünən odur ki, komandalarımızın təcrübə toplamasına ehtiyac var. İtaliyada U-16-lar arasında çempionatın qalibi olan komanda var idi. Keyfiyyətli və püxtələşmiş kollektivdir. Sürətli və dinamik oynayırdılar. Hansı ki, Azərbaycan çempionatında komandalarımızın qarşılaşmadığı sürət idi”.
A.Hacıyev qatılmaq istədikləri başqa beynəlxalq turnirlər də olduğunu deyib:
“Danışıqlar gedir, keyfiyyəti daha yüksək olan turnirlərə qatılmağa çalışırıq. Bəzi yaş qruplarından ibarət komandalarımızı göndərməyə çalışırıq. Postsovet ölkələrində keçirilən bəzi turnirlərdə iştirak etmişik. U-17 komandamızı yaxşı turnirlərdən birinə göndərmək planı var”.
Qeyd edək ki, “Blue Devils Cup”da yer aldığı qrupda üçüncü olan “Qarabağ” keçirdiyi 5 matçın 3-də qələbə qazanıb. Turnirin finalında “Roma” “Fiorentina”nı 3:0 hesabı ilə məğlub edib.