Cənubi Afrika Respublikasının (CAR) "Kayzer Çifs" komandasının futbolçusu Hendrik Eksteyni heyətinə qatmaq istəyən Azərbaycan klubunun "Qarabağ" olduğu müəyyənləşib.
"Report" xəbər verir ki, bu barədə "Soccerladuma" nəşrinə etibarlı mənbədən bildirilib. Ölkə çempionunun 28 yaşlı yarımmüdafiəçi ilə ciddi maraqlandığı vurğulanıb: "Hər zaman, hətta gecələr də onlar oyunçunun təmsilçiləri ilə əlaqə qururdular. Bu, Azərbaycanın ən yaxşı komandalarından biri və Dino Ndlovunun sabiq klubu "Qarabağ"dır".
Afrikalı oyunçunun agenti Paleza Mxize isə hazırda hansısa klub barədə danışmaq istəmədiyini deyib: "Oyunçuya ölkə xaricindən təklifin olduğunu təsdiqləyə bilərəm. Hər şeyi futbolçu ilə müzakirə etməliyəm. O, gələcəkdə növbəti addımı ilə əlaqədar nə baş verəcəyinə dair məsləhət verməlidir".
Qeyd edək ki, daha əvvəl "Qarabağ"da CAR-dan olan hücumçu Dino Ndlovu çıxış edib. O, 2016-cı ilin avqustundan 2018-ci ilin yanvarınadək "Qarabağ"da çıxış edib.