Qara Qarayev: "Üstümüzdə fərqli məsuliyyət var idi"

Qara Qarayev: "Üstümüzdə fərqli məsuliyyət var idi" "Hər kəsi təbrik edirəm. Üstümüzdə fərqli məsuliyyət var idi".
Futbol
21 May , 2022 21:42
Qara Qarayev: Üstümüzdə fərqli məsuliyyət var idi

"Hər kəsi təbrik edirəm. Üstümüzdə fərqli məsuliyyət var idi".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev evdə "Neftçi"yə 4:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVIII tur matçından sonra deyib.

30 yaşlı yarımmüdafiəçi bildirib ki, ötən il əldən verdikləri titulu qaytarmaq istəyirdilər: "Uğurlu mövsüm keçirdik. Builki kollektivimiz daha da təkmilləşib. Fərqli yanaşma oldu. Çempion olduqdan sonra məsuliyyət artır. Həm adı qoruyub-saxlamaq, həm də ölkəni avrokuboklarda təmsil etmək lazımdır. Bizə dəstək olan insanlara təşəkkürümü bildirirəm. Hər kəs əziyyət çəkdi".

Təcrübəli oyunçu öz çıxışını da dəyərləndirib: "Mənim üçün sabitlik önəmlidir. İl ərzində fərqli yükjlənmələr olur. Heç vaxt oyunumdan razı olmuram. Daha yaxşısını etməyə çalışıram".

Qarayev "Zirə"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu barədə danışmağın çətin olduğunu vurğulayıb: "Tək matçlar bir az çətin olur. Şanslar bərabərdir. Əlimizdən gələni etmək istəyirik ki, kuboku da qazanıb, "qızıl dubl" edək. Ciddi hazırlaşacağıq".

O, iyunda Millətlər Liqasında keçiriləcək matçların Azərbaycan yığmasına dəvət alan futbolçular üçün çətinlik yaradacağını əlavə edib: "Çünki mövsümün əvvəlindən ağır rejimdə çalışmışıq. Yenə də fasiləsiz davam edəcəyik. Millidən qayıtdıqdan sonra da vaxt qalmayacaq, avrokuboklara hazırlaşacağıq. Amma bu, bizim işimizdir. Bu dövrü zədəsiz yola verməyə çalışacağıq".

Yarımmüdafiəçi Millətlər Liqasındakı şansları da dəyərləndirib: "Hamısı bizimlə eyni səviyyədə olan komandalardır. Kim daha yaxşı oynayacaq, xarakter göstərəcək, o da qalib gələcək".

Ağdam klubunun müdafiəçisi Kevin Medina isə ilboyu bu anı yaşamaq üçün oynadıqlarını bildirib: "Bunun üçün qələbələr qazanırdıq. Özümə gəlincə, hər matçda əlimdən gələni edirdim. Çalışırdım ki, bütün bacarığımı meydanda göstərim".

Son xəbərlər

Orphus sistemi