Futbol üzrə Türkiyə Super Liqasında XXVI turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, cari mövsümdə uğursuz çıxışı ilə yadda qalan "Qalatasaray" "Göztepe"nin qonağı olub. Qarşılaşma İstanbul təmsilçisinin əzmkar qələbəsi ilə başa çatıb - 3:2.
Matçda hesabı erkən qolla "Cim-Bom" açıb. 3-cü dəqiqədə Viktor Nelsson fərqlənib. İlk hissənin əsas vaxtına əlavə olunmuş birinci dəqiqədə meydan sahiblərinin heyətində Şerif Ndiaye penaltidən tarazlığı bərpa edib. Seneqallı hücumçu 70-ci dəqiqədə növbəti dəfə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək, komandasını hesabda önə keçirib. Qonaqlara qələbə qazandıran qolları isə yeni transfer Bafetimbi Qomis vurub. 85-ci və 90+9-cu dəqiqələrdə penaltidən rəqib qapısına yol tapan fransalı forvard komandasına 3 xal qazandırıb.
Bu nəticədən sonra xallarını 32-yə çatdıran "Qalatasaray" 13-cü pilləyə yüksəlib. 27 xalı olan "Göztepe" isə 16-cıdır.