Prosineçki: "Uduzmağımıza baxmayaraq, top saxladıq, ötürmələr verdik"

Prosineçki: "Uduzmağımıza baxmayaraq, top saxladıq, ötürmələr verdik" "İlk 3 qoldan sonra oyunumuzu tapa bilmədik"
Futbol
12 Noyabr , 2016 02:22
Prosineçki: Uduzmağımıza baxmayaraq, top saxladıq, ötürmələr verdik

Bakı. 12 noyabr. REPORT.AZ/ "İlk 3 qoldan sonra oyunumuzu tapa bilmədik. Buna baxmayaraq, irəli baxmalıyıq. Qalan oyunları düşünməliyik".

"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzduqları DÇ-2018-in seçmə qrup matçından sonra keçirilən mətbuat konfransında deyib.

Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

Emin Mahmudovun əsas silahınız olacağını demişdiniz. Öz seçiminizdə yanılmadınız?

- Çexiya ilə müqayisədə 2 dəyişiklik etdim. Deməzdim ki, bugünkü matçın problemi oyunla bağlı idi. Problem onda idi ki, ilk 3 qolda standart vəziyyətlərdə lazımı qədər diqqətli olmadıq. İkinci hissədə öz oyunumuzu sərgiləməyə çalışdıq. Amma alınmadı. Bu gün güclü komanda qalib gəldi. Bəlkə 4 qol çoxdur. Amma işimizi davam etdirməliyik. Bu rəqib gələn il Bakıya gələcək. O oyun sıfırdan başlanacaq. Çalışacağıq ki, nəticə daha yaxşı olsun.

Bizim qrupda Şimali İrlandiya və Almaniyanın 2 güclü komanda olduğu fikri ilə razısınız?

- Şimali İrlandiya gələn il Bakıya gələcək. Bu rəqib üstün cəhətlərindən istifadə edərək, qollarını vurdu.

Əfran İsmayılovun sonadək meydanda qalması və Ağabala Ramazanovun oyunun sonlarında meydana buraxılması nə ilə bağlı idi?

- Mən gələnədək Ağabala millidə elə də çox oynamırdı. Əfran isə elə futbolçudur ki, ondan qeyri-adi oyun gözləmək olar. İkinci hissədə Dəniz Yılmaza ötürməsini hamınız gördünüz. 0:4 hesabı ilə uduzmağımıza baxmayaraq, top saxladıq, ötürmələr verdik. Əfranın o ötürməsi nəticə versəydi, hesab 1:2 olacaqdı. Rəqibin üstün tərəflərini bilirdik. Bu gün rəqib güclü idi. Biz hələ 4 oyun keçirmişik, 3-ü səfərdə olub. Bu günədək gördüyüm işlərdən razıyıq. Hələlik 4 oyundan 7 xal yığmışıq. İşimizi davam etdirəcəyik. Əfranı ona görə saxladım ki, sonadək nə isə edəcəyinə ümidli idim. Amma 0:4 hesabı ilə uduzduqdan sonra belə sualları normal qəbul edirəm.

Son xəbərlər

Orphus sistemi