"Sabah" klubundan yeni baş məşqçi antirekordu - SİYAHI

"Sabah" klubundan yeni baş məşqçi antirekordu - SİYAHI Ardıcıl üç mövsümdür Azərbaycan Premyer Liqasında çıxış edən 8 klub bu müddət ərzində ümumilikdə 13 baş məşqçi ilə vidalaşıb
Futbol
12 Mart , 2021 12:23
Sabah klubundan yeni baş məşqçi antirekordu - SİYAHI

Ardıcıl üç mövsümdür Azərbaycan Premyer Liqasında çıxış edən 8 klub bu müddət ərzində ümumilikdə 13 baş məşqçi ilə vidalaşıb.

"Report"un məlumatına görə, son olaraq Visente Qomeslə müqaviləyə xitam verən 'Sabah" yeni antirekord müəyyənləşdirib. 2018/2019 mövsümündə elitada Elşad Əhmədovla debüt edən paytaxt təmsilçisi 2019/2020 mövsümünün əvvəlində 51 yaşlı mütəxəssislə vidalaşıb. 2019-cu ilin sentyabrında İqor Ponomaryov komandaya müvəqqəti baş məşqçi təyin olunub. Noyabrda isə komandanın sükanı arxasına xorvatiyalı Jelko Sopiç keçib. O da mövsümün sonunda vaxtından əvvəl göndərilib və 4-cü baş məşqçi Visente Qomes "Sabah"a baş məşqçi təyin olunub. İspaniyalının istefasından sonra isə baş məşqçi səlahiyyətləri Ramin Quliyevə həvalə olunub. Onun taleyinin necə olacağı da bəlli deyil.

Premyer Liqada ən çox baş məşqçi dəyişən ikinci komanda isə "Keşlə"dir. 2018-ci ilin yayında avrokubok oyunundan sonra Yuri Maksimovu istefaya göndərən komanda 2018/2019 mövsümündə çempionata Mladen Milinkoviçlə başlayıb. Lakin serbiyalı mütəxəssis artıq oktyabrın 29-da istefaya göndərilib. Komandaya yeni baş məşqçi təyin edilən Tərlan Əhmədov mövsümün sonunda "Keşlə"ni Avropa Liqasına çıxarmağı bacarsa da, paytaxt klubu onu da postunda saxlamayıb. 2020/2021 mövsümünə Yunis Hüseynovla başlayan "Keşlə" iki ay öncə onunla da yollarını ayrııb və Sənan Qurbanov baş məşqçi postuna gətirilib.

Digər klublara gəldikdə, "Neftçi" "Zirə" 3 mövsüm ərzində 2 dəfə baş məşqçisini istefaya göndərib.

2018/2019 mövsümünə İtaliyalı Roberto Bordinlə başlayan flaqman 2020-ci ilin yanvarında qış təlim-məşq toplanışı vaxtı 56 yaşlı mütəxəssisin sözləşməsini ləğv edib. Daha sonra onun köməkçisi Füzuli Məmmədovla müqavilə imzalayan "ağ-qaralar" ilin sonunda "Qarabağ"a 0:6 hesablı məğlubiyyətdən sonra onunla da yollarını ayırıb. Hazırda "Neftçi"yə Samir Abasov rəhbərlik edir.

"Zirə" isə 2018/2019 mövsümünə məhz Abasovla start verib. 43 yaşlı baş məşqçini 2019-cu ilin oktyabrında Zaur Həşimov əvəzləyib. Qəsəbə təmsilçisi 2019/2020 mövsümündə uğursuz nəticələri əsas gətirərək Həşimovla da yollarını ayırıb və komanda karyerasını bitirən "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqova həvalə olunub.

"Qəbələ" "Sumqayıt" klubları hesabat dövründə hərəyə bir dəfə baş məşqçi ilə yollarını ayırıb.

"Qırmızı qaralar" 2018/2019 mövsümünə hazırda "Keşlə"də işləyən Sənan Qurbanovla başlayıb. Qurbanov ilk mövsümündə ölkə kubokunu qazansa da, 2019/2020 mövsümünün əvvəlində Premyer Liqada "Keşlə"yə 4:0 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib. O vaxtdan "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevdir.

"Sumqayıt" isə ənənəvi olaraq yerli baş məşqçilərə güvənib. 2018-ci il iyunun 6-da Nazim Süleymanov baş məşqçi postuna gətirilib, lakin noyabrın 12-də istefaya göndərilib. Həmin dönəmdən sonra "Sumqayıt"da Ayxan Abbasov baş məşqçidir. O isə 2019/2020 mövsümündə "gənclik şəhəri" təmsilçisini tarixində ilk dəfə Avropa Liqasına çıxarıb.

2018/2019 mövsümündən baş məşqçilərini toxunulmaz saxlayan iki klub var. İlk mövsümündəcə "Səbail"ə avrokuboka vəsiqə qazandıran Aftandil Hacıyev yenə də komandanın sükanı arxasındadır. Qurban Qurbanov isə daha uzun müddət əvvəl - 2008-ci ildən "Qarabağ"ın sükanı arxasındadır.

Son xəbərlər

Orphus sistemi