Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, ilin son turunun növbəti matçında "Zirə" "Səbail"i qəbul edib.
Zirə İdman Kompleksinin stadionunda təşkil olunan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesab 5-cı dəqiqədə açılıb. "Zirə"nin heyətində Nicat Süleymanov fərqlənib. Gənc yarımmüdafiəçi 20-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. İlk yarıda başqa qol olmayıb. 60-cı dəqiqədə "Zirə"nin rumıniyalı müdafiəçisi Adrian Skarlatake fərqi daha da artırıb. 78-ci dəqiqədə isə Eriko da Silva "Səbail"in təsəlli qolunun müəllifi olub. 89-cu dəqiqədə isə Tellur Mütəllimov görüşdə son nöqtəni qoyub.
Bu nəticədən sonra "Zirə" 17-ci xalını qazanıb. Qəsəbə təmsilçisinin çempionatın ilk yarısını beşinci pillədə başa vuracağı dəqiqləşib. "Səbail" isə 12 xalla sonuncu - 8-ci yerdə qalıb. Axırıncı qələbəsini 4-cü turda qazanan komandanın qələbəsiz oyunlar seriyası 10-a çatıb.