Bakı. 12 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçirilib.
"Report"un məlumatına görə, 4 oyunun hamısı eyni günə təsadüf edib. Yalnız "Keşlə" - "Qarabağ" matçı daha erkən başlayıb.
Qalan 3 oyun isə gümüş və bürünc medalların taleyi baxımından önəmli olub. "Qəbələ" "Sumqayıt"la səfər matçında inamlı qələbə qazanaraq, xallarını 49-a yüksəldib və gümüş medalları təmin edib. İlk qolu 37-ci dəqiqədə Baqali Dabo, ikincisini isə 88-ci dəqiqədə kapitan Cavid Hüseynov vurub. Bununla da Dabo aktivindəki qolların sayını 14-ə çatdıraraq, bombardirlər siyahısında vahid liderliyini davam etdirib.
Digər görüşlərin nəticələri də "Sumqayıt" üçün arzulanan olmayıb. "Neftçi" "Səbail"lə görüşdə qələbəyə imza atıb. Qolları 33-cü dəqiqədə Namik Ələskərov, 37-ci dəqiqədə Rəhman Hacıyev, 80-ci dəqiqədə isə Lukas Qomes vurub. "Səbail" 83-cü dəqiqədə Yevgeni Koçukun penalti zərbəsi ilə təsəlli qolunu vurub.
İlk yarıda həm də "Səbail"in baş məşqçisi Samir Əliyev hakimi təhqir etdiyi üçün texniki zonadan kənarlaşdırılıb. Bu qələbə sayəsində xallarını 43-ə çatdıran "Neftçi" 3-cü yerə yüksəlib. 23 xala malik "Səbail" isə çempionatı 7-ci pillədə başa vurub.
Nəhayət, "Zirə" autsayder "Kəpəz"lə görüşdə çətinliklə də olsa, qələbəyə nail olub. Meydan sahibləri hələ 8-ci dəqiqədə Milan Düriçin meydandan qovulmasından sonra azlıqda qalıblar. Lakin 41-ci dəqiqədə Riçard Qadze hesabı açıb. İlk yarının uzatma dəqiqəsində "Zirə" daha bir zərbə alıb. Bu dəfə təyin olunmuş penaltini "Kəpəz"in kapitanı Şəhriyar Rəhimov dəqiq yerinə yetirib. Lakin 74-cü dəqiqədə Tellur Mütəllimov yenidən yerli komandanı önə çıxarıb. Bundan 5 dəqiqə sonra isə Kamran Abdullazadə qırmızı vərəqə alıb və nəticədə tərəflər oyunu hərəyə 10 futbolçu ilə başa vurublar. 2:1 hesablı qələbə qazanan "Zirə" xallarını 41-ə çatdıraraq, 4-cü pilləyə yüksəlib. 40 xalı olan "Sumqayıt" isə 5-ci pilləyə enib.
Bürünc medal və Avropa Liqasına vəsiqə şansı verən 4-cü yerin sahibi son turda "Sumqayıt" - "Zirə" və "Kəpəz" - "Neftçi" matçlarından sonra müəyyənləşəcək. İstənilən halda, "Neftçi" ən azı 4-cü yeri tutacaq.
Topaz Premyer Liqası
XXVII tur
12 may (şənbə)
17:00. "Keşlə” – "Qarabağ” - 3:0
Qollar: Andre Klennon, 4. Pərdis Fərcad-Azad, 8. Slavik Alxasov, 16
Hakimlər: Rəşad Əhmədov, Mehman Mahmudov, Namiq Hüseynov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. "İnter Arena”
İlk üç dövrə - 0:1, 0:2, 1:1
19:00. "Sumqayıt” – "Qəbələ” - 0:2
Qol: Baqali Dabo, 37. Cavid Hüseynov, 88
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sumqayıt. "Kapital Bank Arena”
İlk üç dövrə - 0:1, 0:1, 1:1
19:00. "Neftçi” – "Səbail” - 3:1
Qollar: Namiq Ələsgərov, 33. Rəhman Hacıyev, 37. Lukas Qomes, 80 - Yevgeni Koçuk, 83-penalti ilə
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Məlik Həsənov
Bakı. "Dalğa Arena”
İlk üç dövrə - 0:1, 4:0, 2:0
19:00. "Zirə” – "Kəpəz” - 2:1
Qollar: Riçard Qadze, 41. Tellur Mütəllimov, 74 - Şəhriyar Rəhimov, 45+1 (penalti ilə)
Qırmızı vərəqələr: Milan Duriç, 8 - Kamran Abdullazadə, 79
Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Elman Kərimov, Vüqar Həsənli
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Kərim Ağayev
Bakı. Zirə İdman Kompleksinin stadionu
İlk üç dövrə - 3:0, 3:0, 0:0