Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.
“Report”un məlumatına görə, son oyunda çempion “Qarabağ” meydana çıxıb.
Ağdam təmsilçisi turnir cədvəlindəki qonşusu “Səbail”i qəbul edib. Şahin Diniyevin komandası liderlər qrupunda qərarlaşmasına baxmayaraq, “Qarabağ”a müqavimət göstərə bilməyib. Toral Bayramovun 8-ci, Yassin Benzianın 43-cü, Olavio Juninyonun isə 55-ci dəqiqədə vurduğu qollar sayəsində Qurban Qurbanovun kollektivi hesabına 3 xalı yazdırıb.
Pedro Nunonun 76-cı dəqiqədə vurduğu top isə “Səbail” üçün təsəlli olub. 3:1 hesablı qələbə sayəsində xallarının sayını 26-ya çatdıran “Qarabağ” ikinci pillədəki mövqeyini qoruyub. Hesabında 21 xal olan “Səbail” isə 4-cü yerə düşüb.
Turun əvvəlki oyunlarında “Kəpəz” “Araz-Naxçıvan”ı (1:0), “Sumqayıt” “Neftçi”ni (2:1), “Sabah” “Turan Tovuz”u (3:2), “Zirə” isə “Qəbələ”ni (1:0) məğlub edib.
Qeyd edək ki, Premyer Liqada XIV turun matçları 24-26 noyabr tarixlərində keçiriləcək.