Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun son oyunu keçirilib.
"Report"un məlumatına görə, "Neftçi" "Bakcell Arena"da "Sumqayıt" komandasını qəbul edib.
Görüş "Sumqayıt"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesab 7-ci dəqiqədə açılıb. "Neftçi"nin kapitanı Ruslan Abışov komandasını önə keçirib. Qarşılaşmanın 31-ci dəqiqəsində Əmir Ağayev hesabı bərabərləşdirib. 41-ci dəqiqədə qonaq komanda hesabda önə keçib. Ülvi İsgəndərov Əmir Ağayevin ötürməsini qola çevirib.
İkinci hissəyə hücumlarla başlayan "Neftçi" 72-ci dəqiqədə istəyinə nail olub. Baqoli Dabo qapıçıdan qayıdan topu qüvvətli zərbə ilə tordan keçirib. 5 dəqiqə sonra Murad Xaçayev "Sumqayıt"ı yenidən önə keçirib.
Bu qələbə sayəsində xallarının sayını 23-ə çatdıran "Sumqayıt" 7-ci sıradakı yerini qoruyub. Doğma meydanda məğlub olan "Neftçi" isə çempionluq yarışında ağır zərbə alıb. Sona 2 tur qalmış lider "Qarabağ" ən yaxın izləyicisini 5 xal qabaqlayır.
Qeyd edək ki, günün digər oyunlarında "Səbail" evdə "Qəbələ"ni 2:1, "Qarabağ" isə səfərdə "Zirə"ni 3:0 hesabı ilə məğlub edib. Debütant "Sabah" doğma meydanda "Keşlə" ilə 1:1-lik heç-heçə edib. Azərbaycan Premier Liqasına 60 xal ilə "Qarabağ" başçılıq edir.
Manaf Qasımbəyli