Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan "Sumqayıt", "Zirə" və "Keşlə" komandaları sona 8 tur qalmış çempionluq şanslarını itirib.
"Report" xəbər verir ki, bu, XX turun oyunlarından sonra müəyyənləşib. Hər üç klub qalan görüşlərinin hamısında qələbə qazansa belə, qızıl medala sahib ola bilməyəcək. 20 turdan sonra "Sumqayıt"ın 16, "Zirə" və "Keşlə"nin hərəyə 19 xalı var. Hazırkı lider "Neftçi" isə 44 xala malikdir.
Premyer Liqanın debütantı "Sabah" da demək olar ki, eyni aqibətlə üzləşib. Amma Elşad Əhmədovun baş məşqçi olduğu kollektivin nəzəri şansları qalır. Paytaxt klubu çempionluq üçün qalan bütün oyunlarında qələbə qazanmalı, "Səbail" və "Qəbələ"nin 45 xala çatmamasına ümid etməli, "Neftçi" ilə "Qarabağ"ın sonuncu - XXVIII tura kimi bütün görüşlərində məğlub olmasını gözləməlidir.
"Sabah" bu möcüzənin gerçəkləşməsi üçün XXIV turda səfərdə "Qarabağ"ı 3 və daha artıq topla üstələməlidir. Daha sonra Ağdam təmsilçisi axırıncı turda "Neftçi"ni məğlubiyyətə uğratmalıdır. Yalnız belə olan halda "Qarabağ"la "Sabah"ın xalları bərabər olacaq və debütant şəxsi oyunların nəticəsinə görə çempionluq sevincini yaşayacaq. Birinci dövrədəki matçda "Qarabağ" "Sabah"ı 2:0 hesabı ilə məğlub edibsə, II və III dövrədəki görüşlərin hər ikisi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qış fasiləsindən sonrakı əksər qarşılaşmalarında məğlub olan debütantın möcüzəni gerçəkləşdirəcəyi isə inandırıcı görünmür.
Premyer Liqa klublarından son turda "Neftçi"yə 1:2 hesabı ilə uduzan "Sumqayıt" gümüş medal şanslarından da məhrum olub. 16 xalı olan "gənclik şəhəri" təmsilçisi qalan səkkiz turda qələbə qazansa belə, hazırda 42 xalla ikinci sırada qərarlaşmış "Qarabağ"a çata bilmir. Bölgə klubunun yalnız çempionatın bürünc medalı üçün şansı qalıb.
Çempionluqdan məhrum olmalarına baxmayaraq, "Zirə" və "Sumqayıt" komandalarından biri mövsümü titulla başa vura bilər. Bunun üçün iki klubdan biri öz aralarındakı ölkə kubokunun yarımfinalında qalib gəldikdən sonra finalda "Qəbələ" - "Qarabağ" cütünün qalibini də yenməlidir.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 8 klub mübarizə aparır.