"Belə oyunlar həmişə çətin olur. Çünki topun önündə çoxlu oyunçu var idi. Bizim hücumları gözləyir, sonra isə əks-hücuma keçirdilər. Ola bilsin, ikinci hissədə belə əks-hücumları o qədər də yaxşı nəzarətdə saxlaya bilmədik. Amma ən əsası odur ki, qalib gəldik".
"Report"un məlumatına görə, bunu Portuqaliya yığmasının futbolçusu Dominquş Duarte evdə Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri dünya çempionatının seçmə oyunu barədə danışarkən deyib.
İspaniya "Qranada"sında çıxış edən 26 yaşlı müdafiəçi bildirib ki, hər zaman qələbə qazanmaq və seçmə mərhələyə 3 xalla başlamaq çox vacibdir. O, növbəti qarşılaşmada səfərdə Serbiyanı da yenmək istədiklərini bildirib: "Hər zaman eyni ambisiyada olacağıq. İşimiz bu görüşdən sonra bərpa olunmaq və növbəti qarşılaşmadan da qalib ayrılmaqdır".
Qeyd edək ki, Portuqaliya Azərbaycan millisini 36-cı dəqiqədə Maksim Medvedevin vurduğu avtoqolla məğlubiyyətə uğradıb.