Polislər və idman jurnalistləri bayram günündə üz-üzə gəldi - VİDEO - YENİLƏNİB

Polislər və idman jurnalistləri bayram günündə üz-üzə gəldi - VİDEO - YENİLƏNİB 2 iyul - Azərbaycan Polisi günü və Beynəlxalq İdman Jurnalistləri günü münasibətilə iki sahənin əməkdaşları bir araya gəlib.
Futbol
575
2 İyul , 2021 18:40
Polislər və idman jurnalistləri bayram günündə üz-üzə gəldi - VİDEO - YENİLƏNİB

Video əlavə olunub

16:14

2 iyul - Azərbaycan Polisi günü və Beynəlxalq İdman Jurnalistləri günü münasibətilə iki sahənin əməkdaşları bir araya gəlib.

Abşeron rayon Polis İdarəsi və Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) komandaları arasında Xırdalan şəhərindəki "AAAF Park"da mini-futbol matçı keçirilib.

Qarşılaşmadan əvvəl Abşeron rayon Polis İdarəsində (RPİ) rəsmi tədbir təşkil olunub. İdarənin rəisi, polis polkovniki Şəhriyar Şəmşirli polis və idman jurnalistlərinin peşə bayramının eyni günə təsadüf etməsini xoş hal kimi dəyərləndirib. Ş.Şəmşirli həm polis, həm də idman jurnalistlərinin dövlətçiliyə xidmət etdiklərini bildirərək, ölkə rəhbərliyi səviyyəsində hər iki sahəyə böyük diqqət və qayğının göstərildiyini söyləyib.

Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq, ərazi bütövlüyünü bərpa etdiyini vurğulayan rəis bu münasibətlə Ordumuzu təbrik edib, şəhidlərə Allahdan rəhmət, qazilərə tezliklə sağalmalarını diləyib.



Ş.Şəmşirli polislər və idman jurnalistlərinin yoldaşlıq görüşündə üz-üzə gəlmələrini yüksək qiyməytləndirərək, hər iki komandaya uğurlar arzulayıb.

AİJF prezidenti, əməkdar jurnalist Qabil Mehdiyev belə bir görüşün təşkilinə verdiyi töhfəyə görə Abşeron rayon Polis İdarəsinə təşəkkür edib və bu oyunun jurnalistlər və polislər arasındakı münasibətlərin möhkəmləndirilməsinə xidmət etdiyini bildirib. Q.Mehdiyev həm polisləri, həm də idman jurnalistlərini peşə bayramları münasibətilə təbrik edib.

Görüş zamanı Ş.Şəmşirli AİJF-yə xatirə plaketi, Q.Mehdiyev isə xatirə plaketi və bu yaxınlarda idman jurnalistləri arasında təşkil etdikləri "Qarabağ Azərbaycandır!" turnirindən "Kəlbəcər" komandasının formasını təqdim edib.

Ardından Abşeron rayon Polis İdarəsinin əməkdaşları, AİJF İdarə Heyətinin və jurnalistlərdən ibarət komandanın üzvləri Xırdalan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə üzərinə tər qızılgüllər düzüblər.

Oyun isə Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq, 1 dəqiqəlik sükutla başlayıb. Görüş daha üstün olan polislərdən ibarət komandanın qələbəsi ilə yekunlaşıb - 4:2. Abşeron RPİ-nin əməkdaşlarından Ruslan Cəfərzadə "het-trik" edib, daha bir qolu Mirağa Quliyev vurub. "Qubadlı" komandasından isə Emin Abbasov və Xanoğlan İmanov fərqlənib. Bundan başqa İmanov penaltini dəqiq yerinə yetirə bilməyib.

Sonda Abşeron rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin, AİJF-nin xatirə diplomları, həmçinin "Zirvə" Beynəlxalq İdman Klublarının vitse-prezidenti Rauf Quliyev tərəfindən xatirə medalları tədbir iştirakçılarına təqdim olunub. Tədbir "Qarabağ Azərbaycandır!" şüarı ilə yekunlaşıb.

Qeyd edək ki, 24 may 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 710 nömrəli Fərmanına əsasən, Azərbaycan Polisi günü 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün — 2 iyul Azərbaycan Polisi günü elan edilib. Həmin vaxtdan Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi günü kimi qeyd edilir.

2 iyul - 1995-ci ildən başlayaraq Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) təşəbbüsü ilə hər il qeyd edilir.​ 1924-cü il iyulun 2-də Parisdə keçirilmiş beynəlxalq idman mətbuatı nümayəndələrinin konqresində peşəkar təşkilat – Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (International Sports Press Association - AIPS) yaradılması barədə qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi