"Ötən il sentyabrın 27-dən Vətən müharibəsi ilə bağlı layihələrimiz olub. Bir neçə gün öncə də belə bir qərar verdik"
Bu fikirləri "Report"a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov Azərbaycan Premyer Liqasında X turun "Zəfər turu" elan edilməsi barədə danışarkən deyib.
PFL rəsmisi bildirib ki, bu məsələ ilə bağlı müəyyən dəyişikliklər nəzərdə tutulub: "Belə bir təcrübəmiz var idi. Ötən mövsümdə "YAŞAT turu" elan etmişdik. Klublarla danışıqlara başlamışıq. İstəyirik ki, növbəti turda vahid konsept edək və buna uyğun addım ataq. Sadəcə, tam dəqiqləşməyib. Hər 4 oyunda eyni ssenari üzrə açılış dəqiqələri olacaq. Klublar da məsələyə isti yanaşırlar. Onların da köməyilə Zəfər turunu layiqincə yerinə yetirəcəyik".
Qeyd edək ki, 8 noyabr- 44 günlük Vətən müharibəsindəki qələbə ilə əlaqədar Azərbaycanda “Zəfər Günü” olaraq təsis edilib. Premyer Liqanın X turu 6-7 noyabrda gerçəkləşəcək.