"Oyunların başlama saatlarını klublarla razılaşdırmaq baxımından hər hansı öhdəliyimiz yoxdur".
Bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) Texniki idman şöbəsinin müdiri Elgiz Abbasov "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevin oyunların erkən saatlara salınması ilə bağlı narazılığına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, qarşılaşmaların vaxtları təyin olunarkən, yayım hüququna məxsus "CBC Sport" telekanalı ilə məsləhətləşmələri olur: "Amma görüşlərin yekun vaxtına dair son qərar PFL-ə məxsusdur".
Baxşıyevə həm futbolçu, həm məşqçi, həm də insan kimi böyük hörmətinin olduğunu deyən Abbasovun fikrincə, 41 yaşlı mütəxəssisin mətbuat konfransında səsləndirdiyi fikirlərdə hər hansı ciddi etiraz ifadə olunmayıb: "O, sadəcə, şəxsi fikrini bildirib. Əlbəttə, hər şeydən öncə oyunçuların sağlamlığı bizim üçün önəmlidir. PFL oyun vaxtını təyin edərkən hər zaman hava şəraitini nəzərə alır, amma özünüz də bilirsiniz ki proqnozlar həmişə düz olmur və nəzərə almaq lazımdır ki, biz oyun saatını adətən 10 gün, 1 həftə əvvəldən açıqlayırıq. Oyun saatları, həmişə olduğu kimi, havalar isindikcə buna uyğunlaşdırılacaq”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XXI turun "Qəbələ" - "Keşlə" oyunu saat 15:00-da başlanıb. Aprelin 3-də Qəbələ şəhər stadionunda 26 dərəcə istidə keçirilmiş görüşdə qalib müəyyənləşməyib - 1:1.