Azərbaycan millisinin sabiq futbolçusu: "Zirə"ni qışda tərk etmədiyim üçün peşmanam" - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq futbolçusu: "Zirə"ni qışda tərk etmədiyim üçün peşmanam" - MÜSAHİBƏ Azərbaycan milli komandasının sabiq futbolçusu Pərdis Fərcad-Azadın Reporta müsahibəsi:
Futbol
13 İyul , 2019 15:46
Azərbaycan millisinin sabiq futbolçusu: Zirəni qışda tərk etmədiyim üçün peşmanam - MÜSAHİBƏ

Azərbaycan milli komandasının sabiq futbolçusu Pərdis Fərcad-Azadın "Report"a müsahibəsi:

- Yay fasiləsi çoxdan başlasa da, hələ klubsuzsunuz...

- Bəli, hələlik klubsuzam. Almaniyadan bir-iki təklifim olsa da, onlar aşağı liqa klublarıdır. İndi Bakıdayam. Çox güman ki, "Keşlə"yə qayıdacağam.

- Artıq bu, realdır?

- Realdır. Artıq klub rəhbərliyi ilə danışmışıq. Düzdür, hələ məsələ tam həll olmayıb. Lakin 90 faiz razılaşdırmışıq, müqavilə ilə bağlı bir-iki şərt qalıb. Bu detalları da yoluna qoyandan sonra sözləşməni imzalayacağıq.

- Təklif kimdən gəldi: baş məqçi, yoxsa rəhbərlikdən?

- Rəhbərlikdən. Məni yaxşı tanıyırlar, danışığım da onlarla olub. Baş məşqçi ilə danışmamışam. Hələlik söhbətim rəhbərliklə yanaşı, köməkçi-məşqçi Zaur İsmayılovla olub. Onlar da yüz faiz transferimi bir yerdə danışıblar. Baş məşqçi Tərlan Əhmədovun məsələdən xəbəri var.

- Belə çıxır ki, keçən yay "Keşlə"dən göndərilməyinizi həmin vaxtkı ukraynalı baş məşqçiniz Yuri Maksimov istəmişdi?

- Elədir. İndi isə o yoxdur.

- Sizə Almaniya da doğma ölkədir, orada anadan olmusunuz, karyeranızın ilk illəri ora ilə bağlı olub. Niyə Azərbaycanda qalmağa qərar verdiniz?

- Azərbaycanda qalmaq istəyirəm, amma Almaniya da pis deyil. Çünki ailəm oradadır, orada da rahatam. Amma, əlbəttə, 7 il Azərbaycanda çıxış etmişəm, bura mənim üçün doğma ölkədir. İstəyirəm ki, karyeram yenə burada davam etsin.

- Belə çıxır ki, Almaniyada sizi futbolçu kimi hələ də yaddan çıxarmayıblar?

- Bəli. Sadəcə, Almaniyada klub tapmaq çətindir. Çünki buradakı futbola yuxarıdan aşağı baxırlar. Fikirlərşirlər ki, Azərbaycan futbolunda səviyyə o qədər də yüksək deyil. Məsələn, almanlara deyirəm ki, Azərbaycan Premyer Liqasından gəlirəm, buna çox qiymət vermirlər.

- "Sumqayıt"a qayıdışınız niyə baş tutmadı?

- Maddi məsələlərdə razılaşmadıq. Başqa təklifim yox idi. "Keşlə" variantı bir neçə gündür yaranıb. İndi müqavilə imzalamaq üçün danışıqlara gedirəm.

- "Keşlə" ötən mövsüm son pilləni tutub. Bu komandanın yeni mövsümdə məqsədi nədir?

- Hələ bilmirəm. Gördünüz ki, neçə futbolçu bu komandaya gedib. Onlar arasında elə "Keşlə"də bir yerdə çıxış etdiyim İlkin Qırıtmov da var. Bəlkə, Sezar Meza Kolli də gəlsə, həminki "Keşlə"ni yaratmaq olar. Çoxlu transferlər edildiyi üçün inanıram ki, növbəti mövsüm yaxşı olacaq.

- Bu müddətdə məşq etmisinizmi?

- Əlbəttə, məşq etmişəm. Almaniyada 4-cü liqa klublarının birində hazırlıq keçmişəm. Fərdi məşq də etmişəm, həmişə formada qalmışam. Elə futbolçu deyiləm ki, özümü boş buraxım.

- "Zirə"nin sizinlə yollarını ayırmasını necə qarşıladınız?

- Müqaviləm bitdi, uzatmadılar. Mən də gedəsi oldum.

- Belə çıxır ki, baş məşqçi Samir Abasovla yola getmədiniz?

- (gülür) Yola getmədik deyəndə, aramızda problem yoxdur. Sadəcə, məni oynatmadı.

- Qışda getməyinizə imkan vardı, özü də başqa təklifləriniz olub. Amma qalmağa qərar vermişdiniz. Bu addımınıza görə indi peşmansınız?

- Bəli, peşmanam. "Səbail"ə gedə bilərdim. Ancaq elə fikirləşirdim ki, rəqabətdə mənə şans verəcəklər. Belə olmadı, şans vermədilər.

- "Neftçi"nin Avropa Liqasındakı matçını izləməsəniz də, hesabdan xəbəriniz olar. Moldovada 3:0 hesablı qələbəni gözləyirdiniz?

- Yox. İndi I təsnifat mərhələsidir. İnanıram ki, "Neftçi" növbəti mərhələlərə keçəcək. Azərbaycan klubları avrokuboklarda qələbə qazananda sevinirəm. Biz də bu zaman fəxr edirik. Məsələn, Almaniyada dostlarıma, hamıya deyirəm: "Bax, Azərbaycan Premyer Liqası budur, avrokubok oyunlarında onu-bunu udur, yəni səviyyə yuxarıdadır. Mən də oradan gəlirəm".

Son xəbərlər

Orphus sistemi