Pelenin rekordunu qıran Ronaldu millimizlə oyunu gözləyir

Pelenin rekordunu qıran Ronaldu millimizlə oyunu gözləyir "Madeyrada uşaq vaxtı bunu xəyal belə edə bilmirdim"
Futbol
15 Mart , 2021 09:27
Pelenin rekordunu qıran Ronaldu millimizlə oyunu gözləyir
Kriştianu Ronaldu

İtaliyanın "Yuventus" klubunun və Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu 3 qat dünya çempionu Pelenin rəsmi oyunlardakı qol rekordunu qırmasına münasibət bildirib.

"Report"un məlumatına görə, 36 yaşlı hücumçu bu barədə instaqram hesabında yazıb.

Karyerasında 770-ci qola imza atan forvard ona dəstək olan hər kəsə təşəkkür edib: "Peşəkar karyeramda 700-ci qolu vurduqdan sonra ilk sözlərim birbaşa Peleyə ünvanlanır. Dünyada onun oyunları, hədəfləri, və qazandığı uğurlar haqqında hekayələri dinləyərək böyüməyən futbolçu yoxdur. Mən də istisna deyiləm. Bu səbəbdən, Pelenin rekordunu üstələdiyim üçün qürur duyuram. Madeyrada uşaq olarkən bunu xəyal belə edə bilmirdim".

Ronaldu komanda yoldaşlarına, rəqiblərinə, azarkeşlərə və hər kəsdən əvvəl ailəsinə, yaxın dostlarına təşəkkür edib: "İndi növbəti matçları səbrsizliklə gözləyirəm. Növbəti rekordlar və kuboklar. Mənə inanın, bu hekayə hələ bitməyib. Gələcəkdə "Yuventus"la və Portuqaliya yığması ilə qazanacağım çox şey var".

Qeyd edək ki, Kriştianu Ronaldu A Seriyasının XXVII turunda "Kalyari"ni 3:1 hesabı ilə yendikləri görüşdə het-trik edib. 3 qat dünya çempionu Pele rəsmi matçlarda 767 dəfə fərqlənib.

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində martın 24-də İtaliyadakı "Yuventus" stadionunda Portuqaliya seçməsi ilə üz-üzə gələcək. Ronaldunun növbəti rəsmi görüşü məhz yığmamıza qarşı ola bilər.

Son xəbərlər

Orphus sistemi