Bakı. 28 Avqust. REPORT.AZ/ "Yol verdiyimiz səhvlər üzündən 2 qol buraxdıq".
"Report"un məlumatına görə, bunu "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edərək, Avropa Liqasında mübarizəni dayandırdıqları "play-off" mərhələsinin cavab görüşündən sonra Yunanıstan "Panatinaikos"unun kapitanı Karlos Zeka deyib.
27 yaşlı yarımmüdafiəçi bildirib ki, komandası, xüsusən ilk yarıda qol imkanlarından yararlana bilməyib. Eyni zamanda, onun fikrincə, belə səviyyəli oyunlarda yolverilməz olan səhvlər "Panatinaikos"a baha başa gəlib:
"Top qapıya daxil olmursa, bu, bəxtsizlikdir. Amma hədəfə düşə bilmiriksə, öz səhvlərimizdəndir".
Qeyd edək ki, Bakıdakı qarşılaşmada 0:0 hesablı heç-heçə edən "Qəbələ" səfər qolları sayəsində Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.