"Əsas planlarımızdan biri minifutbol üzrə dünya və Avropa çempionatını Azərbaycanda keçirməkdir".
"Report"un məlumatına görə, bunu Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Beynəlxalq Minifutbol turnirinin püşkatma mərasimində deyib.
Federasiya rəhbəri bildirib ki, bu istiqamətdə danışıqlar aparılır: "İnanırıq ki, ölkəmizin beynəlxalq idman yarışları keçirmək təcrübəsini və turizm potensialını nəzərə alan təşkilatçılar bu istəyimizi müsbət qarşılayacaq, mötəbər turnirlərə ev sahibliyi hüququnu bizə həvalə edəcəklər".
2023-cü ilin Prezident İlham Əliyev tərəfindən "Heydər Əliyev İli" elan olunduğunu xatırladan "Zirə" klubunun fəxri prezidenti bununla bağlı müxtəlif tədbirlər və konfranslar keçirildiyini vurğulayıb: "Minifutbol Federasiyası da bu münasibətlə beynəlxalq turnir keçirmək qərarına gəlib. Bu barədə bir sıra federasiyalarla danışıqlar apardıq və yekunda buna nail olduq. Yoldaşlıq turniri olsa da, bunun məqsəd və önəmini nəzərə alaraq, oyunçularımızdan qələbə gözləyirik. Həmçinin bu turnir gələcəkdəki beynəlxalq yarışlar üçün hazırlıq xarakteri daşıyacaq".