"Sabahkı oyunu səbirsizliklə gözləyirik. "Bazel" yaxşı komandadır. Bu rəqibə qarşı matçdan təcrübə qazanmaq və təkmilləşmək üçün istifadə etmək istəyirik. Düşünürəm ki, artıq nəticə qazanmalıyıq".
"Report"un məlumatına görə, bunu Kipr "Omoniya"sının baş məşqçisi Henninq Berq evdə İsveçrə "Bazel"inə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının H qrupunun IV tur oyunundan öncə mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis Nikosiyada "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları matçı da xatırlayıb: "Avropadakı çıxışlarımız çox yaxşıdır. Yalnız "Qarabağ"a qarşı oyunun son 20 dəqiqəsində bəxtimiz gətirmədi. Qalan görüşlərdə yaxşı oynasaq da, nəticə əldə edə bilmədik".
Qeyd edək ki, noyabrın 4-də oynanılacaq "Omoniya" - "Bazel" qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Bu qrupun digər matçında isə "Qarabağ" Qazaxıstanda "Kayrat"ın qonağı olacaq. "Ortalık" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.