Ukraynanın "Minay" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyev Premyer Liqanın XXII turunun "Desna" ilə ev oyununda dubl edib.
"Report"un məlumatına görə, 25 yaşlı hücumçu 3:1 hesabı ilə qalib gəldikləri matçın 23 və 39-cu dəqiqələrində fərqlənib.
Əvvəlcə penaltidən hesabı açan Nuriyev 16 dəqiqə sonra komandanın digər azərbaycanlı futbolçusu Rüstəm Əhmədzadənin məhsuldar ötürməsi ilə fərqi 2 topa çatdırıb. 50-ci dəqiqədə isə onun özü məhsuldar ötürmə müəllifi olub.
Bu, forvardın cari mövsüm Ukrayna çempionatında 10-cu qolu olub. Nuriyev bu göstərici ilə Vladislav Kulaç ("Vorskla") və Viktor Tsıqankovla ("Dinamo", Kiyev) birlikdə bombardirlik yarışında ilk 3 sıranı bölüşdürür.
Qeyd edək ki, bu qələbədən sonra xallarını 18-ə çatdıran "Minay" 12-ci pilləyə yüksəlib.