"Neftçi" komandası yay təlim-məşq toplanışını ölkə xaricində keçirmək niyyətindədir.
Bu barədə "Report"a müsahibəsində klubun prezidenti Kamran Quliyev məlumat verib.
O, xaricdə hazırlıq prosesi təşkil etmək fikrində olduqlarını söyləyib: "Qərar verməzdən əvvəl müvafiq strukturlar - AFFA, Nazirlər Kabineti yanında Operativ Qərargah rəy bildirməlidir. Turistlərimiz fərdi qaydada başqa ölkələrə gedib-gəlirlər. Amma cəm şəkildə buna müsbət rəy olsa, məmnuniyyətlə gedərik. Komandamız avrokuboklara vəsiqəni təmin edib. Təbii ki, bizdə də hazırlıq işləri davam edir".
Quliyev indi hər ölkəyə getməyin mümkün olmadığını və toplanışın Türkiyədə gerçəkləşmə ehtimalının daha çox olduğunu sözlərinə əlavə edib: "Bir çox ölkə ilə gediş-gəliş problemlidir. Avropa ölkələrində Şengen vizalarının verilməsində problemlər var. Bildiyim qədərilə vizalar verilmir".
Qeyd edək ki, Azərbaycan klubları son olaraq 2020-ci ilin əvvəlində Türkiyədə təlim-məşq toplanışı keçib.