Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək.
"Report"un məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Tur "ASK Arena"da oynanılacaq "Keşlə" - "Sumqayıt" matçı ilə başlayacaq. Hazırda meydan sahibləri 23 xalla sonuncu, qonaqlar isə 33 xalla 4-cü pillədə qərarlaşıb.
Komandalar indiyədək 34 çempionat görüşündə üz-üzə gəliblər. Bunların 16-sı "Keşlə"nin, 8-i "Sumqayıt"ın xeyrinə başa çatıb. Topların nisbətində də paytaxt təmsilçisinin üstünlüyü nəzərə çarpır - 51:34. Son 4 görüşdə meydan sahibi olan komanda qələbə qazanmayıb. “Sumqayıt” son 6 səfər matçında qol sevinci yaşayıb.
Bu kollektivlər mayın 24-də Azərbaycan Kubokunun finalında da üz-üzə gələcəklər.
Günün son oyununda 50 xalla ikinci sırada yer alan "Neftçi" 24 xalla 7-ci olan "Səbail"in qonağı olacaq.
Bunadək Premyer Liqada iki klub arasında keçirilmiş 14 oyunun 2-də "dənizçilər", 9-da isə "ağ-qaralar" qələbə qazanıb. Flaqman bu görüşlərdə 30 qol vurubsa, Bayıl təmsilçisi cəmi 10 dəfə fərqlənib. İki komandanın şəxsi duellərində “Neftçi” 4 matçdır meydanı qolsuz tərk etmir. “Səbail” isə 7 oyundur qalib gələ bilmir.
Azərbaycan Premyer Liqası
XXVI tur
8 may
18:00. “Keşlə” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASK Arena”.
20:15: “Səbail” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”.
Qeyd edək ki, tura mayın 9-da keçiriləcək "Zirə" - "Qəbələ" və "Sabah" - "Qarabağ" matçları ilə yekun vurulacaq.