"Neftçi" klubu Namik Ələskərovla bağlı iddialara münasibət bildirib

"Neftçi" klubu Namik Ələskərovla bağlı iddialara münasibət bildirib "Neftçi" futbolçusu Namik Ələskərovun adı açıqlanmayan iki agentə görə Türkiyənin "Bursaspor" komandasına keçidinin baş tutmaması ilə bağlı iddialara münasibət bildirib.
Futbol
2 Avqust , 2021 12:28
Neftçi klubu Namik Ələskərovla bağlı iddialara münasibət bildirib

"Neftçi" klubu futbolçusu Namik Ələskərovun adı açıqlanmayan iki agentə görə Türkiyə "Bursaspor"una keçidinin baş tutmaması ilə bağlı iddialara münasibət bildirib.

Klubun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev "Report"a açıqlamasında 26 yaşlı yarımmüdafiəçi haqqında çıxan xəbərlərin həqiqətə uyğun olmadığını söyləyib.

Onun sözlərinə görə, Azərbaycan millisinin üzvü ilə bağlı kluba rəsmi təklif gəlməyib: "Ələskərovun "Neftçi" ilə 2022-ci ilin yayınadək müqaviləsi var. Futbolçumuzu hansısa kluba buraxmaq niyyətində deyilik. Ümumiyyətlə, onunla bağlı bizə heç bir rəsmi təklif gəlməyib".

Türkiyə mətbuatı isə yazıb ki, I liqa təmsilçisi "Bursaspor" Ələskərovla razılığa gəlsə də, transfer danışıqlarında yer almayan iki menecerin müdaxiləsindən və Bursa təmsilçisindən 100 000 avro tələb etməsindən sonra keçid gerçəkləşməyib. Bursa təmsilçisinin idarə heyətinin sədri Emin Adanur yerli mətbuata açıqlamasında məlumatı təsdiqləyib.

Ələskərovun əməliyyatdan sonrakı durumuna da toxunan klub rəsmisi müalicə prosesinin plan üzrə getdiyini söyləyib: "Namik təqribən 2 həftədən sonra fərdi məşqlərə başlayacaq. Futbolçu 14 günlük fərdi hazırlıqdan sonra kollektiv çalışmalara qatılacaq".

Allahverdiyev Bakıda Yunanıstan "Olimpiakos"una qarşı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçının 30-cu dəqiqəsində zədələnərək meydanı tərk edən müdafiəçi Ömər Buludovun isə vəziyyətinin normal olduğunu vurğulayıb: "Buludovun zədəsi ciddi deyil. Yüngül ağrıları olsa da, komanda ilə birlikdə məşqlərdə iştirak edir".

Qeyd edək ki, "Neftçi" avqsutun 3-də Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda Bakıda Finlandiya HİK-i ilə qarşılaşacaq. "Bakcell Arena"dakı matç saat 21:00-da başlayacaq. Cavab görüşü isə avqustun 12-də Helsinkidə olacaq.

Son xəbərlər

Orphus sistemi