"Neftçi" Qəbələ səfərində, Masazırda qonşuların dueli

"Neftçi" Qəbələ səfərində, Masazırda qonşuların dueli Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start veriləcək.
Futbol
103
10 Aprel , 2021 07:30
Neftçi Qəbələ səfərində, Masazırda qonşuların dueli

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə "Neftçi" arasında olacaq. Hazırda "ağ-qaralar" 42 xalla ikinci, "qırmızı-qaralar" isə 23 xalla 5-ci pillədə qərarlaşıb. İndiyədək ölkə çempionatlarında 50 dəfə üz-üzə gəlmiş kollektivlərin duellərində flaqman 24, əyalət təmsilçisi 16 qələbə qazanıb. 10 görüşdə qalib müəyyənləşməyib. Topların nisbəti də paytaxt klubunun xeyrinədir - 73:60. "Neftçi" son 15 oyunda meydanı qolsuz tərk etməyib. "Qəbələ" son 8 görüşdə qalib gəlməyib.

Günün digər qarşılaşmasında 19 xalla 7-ci sırada yer alan "Sabah" Masazırdakı "Bank Respublika Arena"da eyni xala malik "Səbail" ilə üz-üzə gələcək. "Dənizçilər" şəxsi oyunlardakı göstəricilərə görə, turnir cədvəlində rəqibini bir pillə qabaqlayır. Bu, komandaların Premyer Liqada 11-ci dueli olacaq. Əvvəlki görüşlərdə hər iki klub hərəyə 4 qələbə əldə edib. 2 oyun isə heç-heçə başa çatıb. Topların nisbəti də bərabərdir - 12:12. Son 3 görüşdə meydan sahibi olan komanda 2 qol vurub və qalib gəlib. “Səbail” son 4 səfərdə qələbə qazanmayıb.

Azərbaycan Premyer Liqası

XXII tur

10 aprel (şənbə)

16:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Fərid Hacıyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Qəbələ şəhər stadionu.

18:00. “Sabah” –“Səbail”
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Kamran Bayramov, Namiq Bəkirov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bank Respublika Arena”.

Qeyd edək ki, tura aprelin 11-də oynanılacaq "Zirə" - "Keşlə" və "Qarabağ" - "Sumqayıt" matçları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi