"Neftçi"nin yeni baş məşqçisi: "Hədəfə çatmaq çətin olacaq"

"Neftçi"nin yeni baş məşqçisi: "Hədəfə çatmaq çətin olacaq" "Bəzi mövqelər üçün yeni oyunçuları ölçüb-biçirik"
Futbol
15 İyun , 2018 11:49
Neftçinin yeni baş məşqçisi: Hədəfə çatmaq çətin olacaq

Bakı. 15 iyun. REPORT.AZ/ "İkiillik layihə mənim xoşuma gəldi. Futbol ictimaiyyəti "Neftçi"nin yüksək yerlərə qayıtmasını arzulayır. Mühüm işlər görmək əzmindəyik. Artıq iyunun 14-dən işə başlamışıq".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin yeni baş məşqçisi Roberto Bordin "TuttoMercatoWeb" nəşrinə açıqlamasında deyib. 

İtaliyalı mütəxəssis hədəfinin son mövsümdəkindən daha yaxşı nailiyyət əldə etməkdən ibarət olduğunu bildirib. Lakin Bordin bunun asan olmayacağını əlavə edib: "Klubla ikiillik müqaviləm var. Hədəfə çatmaq çətin olacaq. Çünki önəmli komandalar var. Məsələn, "Qarabağ" son illər böyük uğurlar əldə edib".

53 yaşlı mütəxəssis transfer çalışmalarından da danışıb: "Bununla bağlı idman direktoru ilə birgə çalışır, oyunçulara baxırıq. Artıq rəqabətədavamlı, yaxşı komandamız var. Lakin bizə yenə güclənmək lazımdır. Bəzi mövqelər üçün yeni oyunçuları ölçüb-biçirik. Maraqlandığımız oyunçular arasında italiyalılar da var. Bu, dil baxımından da vacibdir".

Bordin gələcəkdə İtaliyada çalışmasının mümkünlüyünü də dilə gətirib: "Şans yaransa, vətənimdə çalışa bilərəm. Mənimlə maraqlananlar var idi. Amma yalnız "Neftçi" ilə təmasda oldum. Bu klub məni çox istəyirdi. Moldovada çox yaxşı çalışdım, vacib hədəflərə nail olduq. Azərbaycanda da Moldovadakı kimi bacaracağıma, lakin gələcəkdə evimə qayıdacağıma ümidvaram".

Təcrübəli mütəxəssis 2010-2015-ci illərdə çalışdığı "Verona"nın İtaliya A Seriyasını tərk etməsinə isə təəssüfləndiyini bildirib: "Bu komanda 2016-2017 mövsümündə gözəl oyunlar keçirərək A Seriyasına vəsiqə qazanmışdı. Ötən mövsüm isə elitada qalmaq üçün sonadək mübarizə apardı. Lakin yenidən B Seriyasına enməsi həqiqətən də üzücüdür. "Verona" yüksək liqada qalmağa layiq idi".

Bordin dünya çempionatında bir çox komandanın qalib olmasını mümkün sayıb. Fransa yığmasının formada olduğunu deyən baş məşqçi təşkilatçı Rusiyanın da şansını yüksək qiymətləndirib.

Qeyd edək ki, Roberto Bordin 2017-2018 mövsümünü bürünc medalla başa vuran "Neftçi" ilə iyunun 8-də ikiillik müqavilə bağlayıb. 

Son xəbərlər

Orphus sistemi