Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının IX turunda "Qarabağ”la oyunun ilk hissəsində zədələnən "Neftçi"nin futbolçusu Məhəmməd Mirzəbəyovun durumuna aydınlıq gəlib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, tibbi müayinədən sonra 28 yaşlı müdafiəçinin qarın əzələlərində yırtıq aşkarlanıb. Azərbaycan millisinin də şərəfini qoruyan oyunçu, təxminən, 1 ay müalicə olunduqdan sonra fərdi məşqlərə başlayacaq.
Müdafiəçi Millətlər Liqasının V turunda evdə Farer adaları, VI turda səfərdə Kosovo ilə matçları da buraxacaq.
Qeyd edək ki, Məhəmməd Mirzəbəyov Premyer Liqanın geridə qalan 9 turunun 7-də 90 dəqiqə meydanda olub. "Neftçi" - "Qarabağ" matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.