"Neftçi"nin qapıçısı: "Dinamo" üzərində qələbəni öz adıma yazmazdım" - MÜSAHİBƏ

"Neftçi"nin qapıçısı: "Dinamo" üzərində qələbəni öz adıma yazmazdım" - MÜSAHİBƏ "Neftçi"nin qapıçısı Aqil Məmmədovun "Report"a müsahibəsi...
Futbol
1088
17 İyul , 2021 17:22
Neftçinin qapıçısı: Dinamo üzərində qələbəni öz adıma yazmazdım - MÜSAHİBƏ

"Neftçi"nin qapıçısı Aqil Məmmədovun "Report"a müsahibəsi...

- UEFA Çempionlar Liqasında Gürcüstanın "Dinamo" (Tbilisi) klubunu mübarizədən kənarlaşdıraraq, II təsnifat mərhələsinə vəsiqə qazandınız. Tbilisidəki ilk oyunda komandanız yaxşı oynamasa da, səfərdən qələbə ilə qayıtdı. Bu nəticəni gözləyirdinizmi?

- "Dinamo"nun yeganə üstünlüyü onda idi ki, Gürcüstanda çempionat davam edir, biz də isə fasilədir. Yəni, rəqib daha hazırlıqlı idi. Biz isə cəmi 3 yoxlama matçı keçirmişdik. Həmin oyunlara da tam heyətlə çıxa bilməmişdik. Bundan başqa, uzun fasilədən sonra azarkeşlərin qarşısında oynamalı idik. Düzdür, ağır oyun oldu, "Dinamo" bizdən üstün oynadı. Amma qələbə qazanan tərəf biz olduq.

- İlk matçda çox yaxşı təsir bağışladınız və bir neçə epizodda komandanızı qoldan xilas etdiniz. Bu mənada, qələbəni sizin aktivinizə yazmaq olar?

- Xeyr, belə bir şey yoxdur. Futbol - kollektiv oyundur. Bu gün top qaytararsan, sabah səhv edə bilərsən. Hamı oynadı, əziyyət çəkdi. Qələbəni öz adıma yazmazdım. Bu, "Neftçi"nin qalibiyyətidir.

- Azarkeş amilinə toxundunuz. Təqribən 2 ilə yaxındır boş tribunalar önündə oynayırdınız. Birdən-birə azarkeşlərin qarşısına çıxmaq sizə necə təsir etdi?

- Açığı, adama bir az qəribə gəlir. Amma azarkeşin qarşısında daha inamlı çıxış edirsən. Futbolu fanatsız təsəvvür etmək çətindir. Onlar futbolun bəzəyidir.

- Birinci oyundan fərqli, ikinci qarşılaşmada "Neftçi" sanki az da olsa, özünə gəlmişdi...

- Bəli, ilk oyunda çox dağınıq oynadıq. Bunun da müxtəlif səbəbləri var. Bayaq sadaladıqlarımdan əlavə, "Dinamo" öz evində oynayırdı, meydana daha inamlı çıxmışdı. Biz isə oyun praktikası sarıdan əziyyət çəkirdik. Lakin ikinci görüşün Bakıda olması və azarkeşlərin qarşısında oynamaq biz psixoloji baxımdan müsbət təsir etdi. Doğma meydanda özgüvən yüksək olur. Düzdür, müəyyən çatışmazlıqlarımız var idi, bunu da məşqçilər heyəti bizə başa saldı. Məncə, ikinci qarşılaşmada daha yaxşı oynadıq.

- Amma yəqin razılaşarsınız ki, rəqib hesabı açdıqdan sonra ilk matçdakı dağınıqlıq cavab görüşündə də özünü göstərdi. Çünki qoldan sonra fərqi artırmaq üçün rəqibin bir neçə imkanı oldu...

- Rəqib qolu gec vursaydı, işimiz daha çətin olardı. Amma vaxtımız olduğu üçün toparlana bildik. Bu zaman komanda olaraq, öz təcrübəmizdən də yararlandıq. Özümüzü itirmədik və soyuqqanlılıq nümayiş etdirdik. Sevinirik ki, sonda qələbə qazandıq.

- Oyundan əvvəl stadionda şəhidlərin xatirəsi yad olundu, Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin "Xudayar təsnifi" səsləndirildi. Həmçinin tribunada matçı izləyənlər arasında şəhid övladları var idi. Bütün bunlar komandanı nə dərəcədə motivasiya etdi?

- Əlbəttə, elə qəhrəmanların övladlarının tribunada olub oyunumuzu izləməsi bizim üçün böyük şərəfdir. Onlar torpaqlarımızı işğaldan xilas etməklə bizim namusumuzu, qeyrətimizi qurtardılar. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr, qazilərimizə can sağlığı versin. Biz hər zaman onlara borcluyuq. Allah hamısından razı olsun. Şəhidlərin, qazilərin haqqı danılmazdır. Hamısının qarşısında baş əyirəm.

- Matçdan sonra "Dinamo"nun baş məşqçisi Kaxaber Tsxadadze "Oyunu "Neftçi" udmadı, biz uduzduq, 4 qoldan 3-ü öz səhvimizdən vuruldu" dedi. Bu fikirlərlə razısınız?

- O, uduzan komandanın baş məşqçisidir. İstər-istəməz öz məğlubiyyətinə haqq qazandırır. Buna görə Tsxadadzeyə sadəcə, təşəkkür edirəm, başqa heç nə demirəm.

- Samir Abasov oyunsonrası mətbuat konfransında transferlər barədə danışarkən yeni qapıçı axtarışında olduqlarını bildirdi. Hər iki oyunda inamlı çıxış etdiniz, qələbədə böyük pay sahibi oldunuz. Baş məşqçinin bu sözləri üzərinizdə hər hansı təzyiq, gərginlik yaratmır?

- Xeyr, heç bir təsiri yoxdur. Komandada yaxşı gənc qapıçılarımız var. Onlar da təcrübə qazanmaq istəyirlər. Bir sözlə, bu amil məni narahat etmir.

- Legioner qapıçılar adətən əsas heyətdə çıxış etmək üçün gəlirlər. Yəni, nadir hallarda ehtiyatda otururlar. Əsas heyətdəki yerinizi itirməkdən narahat deyilsiniz?

- Yox, belə bir şey mümkün deyil. Bizdə kimisə gətirəndə demirlər ki, start heyətində oynayacaqsan. Yaxşı rəqabət olacaq. Kim daha yaxşıdırsa, o da oynayacaq.

- Növbəti rəqib Yunanıstan çempionu olacaq. Sizcə, "Neftçi" "Olimpiakos" səddini də keçə bilərmi?

- Heyətimizdə bəzi çatışmazlılar var. Artıq iki oyunçu transfer olundu. Düşünürəm ki, bu cür rəqiblərə qarşı yalnız komanda şəklində oynayıb möhkəm iradə göstərmək lazımdır. "Olimpiakos"u ancaq bu yolla keçmək olar.

- Rəqibin heyətində kifayət qədər güclü futbolçular var. Bu, amil sizi qorxutmur?

- Qətiyyən belə bir şey ola bilməz. Problem yoxdur. Belə futbolçulara, komandaya qarşı oynamaq özü ikiqat motivasiyadır. Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik.

- Necə düşünürsünüz, "Neftçi"dəki inamlı çıxışın milli komandaya yolunuzu aça bilərmi?

- Əlbəttə, ola bilər. Milli komanda bizim döyünən ürəyimizdir. Orada xalqımızı. millətimizi təmsil edirik. Təbii ki, yığmada oynamaq istərdim. Amma heç vaxt kimdənsə nəsə gözləməmişəm. Çağırsalar, sevə-sevə gedib oynayaram.

- Bu mövsümdən səfər qolun qaydası ləğv olundu. Yeni qərara münasibətiniz necədir?

- Artıq qərar qəbul olunub. Biz heç nə deyə bilmərik. Mənim işim meydana çıxıb oynamaqdır. Ona görə də fikir bildirmək istəmirəm. Qərarı elə qurum verib ki, bunun sorğu-sualı ola bilməz. Bundan sonra qərara qarşı olub-olmamaq heç nəyi dəyişməyəcək. Ona görə də bundan sonra yeniliyə uyğun hərəkət etməliyik.

Son xəbərlər

Orphus sistemi