"Neftçi"nin prezidenti: "Türkiyə klubları futbolçularımızla maraqlanır"

"Neftçi"nin prezidenti: "Türkiyə klubları futbolçularımızla maraqlanır" "Qalatasaray"ın ayağı bizə düşərli oldu. Onlarla qarşılaşdığımız mövsüm çempion olduq. Son dəfə 2013-cü ildə bu hissi yaşamışdıq. 8 illik həsrətə son qoyduq"
Futbol
226
21 İyun , 2021 09:40
Neftçinin prezidenti: Türkiyə klubları futbolçularımızla maraqlanır
Kamran Quliyev

"Qalatasaray"ın ayağı bizə düşərli oldu. Onlarla qarşılaşdığımız mövsüm çempion olduq. Son dəfə 2013-cü ildə bu hissi yaşamışdıq. 8 illik həsrətə son qoyduq".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin prezidenti Kamran Quliyev "beIN Sports" telekanalına açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Premyer Liqasında qızıl medala sahib çıxdıqları üçün çox xoşbəxtdirlər: "Mayın 19-da son matçımız var idi. Həmin gün Türkiyədə də əlamətdar gündür, Cumhuriyyet bayramıdır. Son qarşılaşmanın axırıncı dəqiqəsində türk əsilli bolqar oyunçu Ahmed Ahmedov qol vurdu. Bizim azarkeşlər də çempionluq üçün çox xoşbəxtdir. Təəssüf ki, eyni sevinci Türkiyə millisinin oyunlarından sonra yaşaya bilmədik".

Quliyev Türkiyə yığmasının məşq üçün "Bakcell Arena"nı seçməsinə də toxunub: "Türkiyə öz evindədir. Evində istədiyi meydan və təlim-məşq bazasından istifadə edə bilər. Onların bu arenadan yararlanması bizim üçün qürurdur. Ötən ilin noyabrında millinin baş məşqçisi Şenol Güneş stadiona gəlmişdi və biz görüşdük. Həmin vaxt o, "Bakcell Arena"nı bəyəndi".

Klub prezidenti türkiyəli oyunçuların "Neftçi"yə mümkün keçidləri barədə sualı da cavablandırıb: "Türkiyə Super Liqasını və I Liqanı yaxından izləyirik. Bizə tövsiyə olunan futbolçular da var. İnanmaq istərdim ki, nəinki Türkiyədən buraya, Azərbaycandan da Türkiyəyə futbolçular gedəcək. Hazırda bizim futbolçularla maraqlanan Türkiyə klubları var. Türkiyə və Azərbaycan yığmaları arasındakı yoldaşlıq oyunundan sonra bir neçə futbolçu ilə bağlı bizə müraciətlər ünvanlandı. Agentlər və klublar maraqlanır, bu, yaxşı haldır. Futbolçularımız Türkiyə Super Liqasında çıxış etsələr, biz də çox xoşbəxt olarıq".

Quliyev azərbaycanlı futbolçuların və onlarla maraqlanan klubların adlarını çəkmək istəməyib: "Neftçi"nin oyunçusu və ya hansısa azərbaycanlı futbolçu Superliqaya getsə, xoşbəxt olarıq".

Son xəbərlər

Orphus sistemi