“Neftçi” klubunun serbiyalı futbolçusu Voislav Stankoviçin “Report”a müsahibəsi
- Azərbaycan Premyer Liqasında cari mövsümün ikinci yarısının ilk oyununda evdə “Qarabağ”a 1:2 hesabı ilə uduzdunuz. Sizcə, kifayət qədər vacib görüşdə məğlubiyyətə səbəb nə oldu?
- Bilirdik ki, “Qarabağ” keyfiyyətli futbolçuları olan yaxşı komandadır. Meydanda ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışdıq. Amma bunu edə bilmədik. “Qarabağ” isə meydanda dominant olduğunu sübut etdi. Rəqib mövqelər üzrə bizdən daha yaxşı idi.
- Necə düşünürsünüz, “Qarabağ” layiqli qələbə qazandı?
- Əlbəttə. Rəqibin heyətində səviyyəli futbolçular var və bu, öz sözünü dedi. Bir məqamı qeyd etmək istərdim: Heç vaxt hakim idarəçiliyi haqqında danışmaq istəməmişəm. Lakin referi Kamal Umudlu Riçard Almeydanın yeni transferimiz Gilyerme Patoya qarşı kobudluğundan sonra ikinci sarı vərəqəni göstərsəydi, oyun başqa məcrada gedə bilərdi. Artıq hər şey keçmişdə qaldı və “Qarabağ” layiqli qələbə qazandı.
- “Qarabağ”ın heyətində keyfiyyətli oyunçuların çıxış etdiyini bildirdiniz. Məgər “Neftçi”nin futbolçuları onlardan zəifdir?
- Xeyr, zəif olduqlarını deyə bilmərəm. Sadəcə, yeni futbolçular gəlib. Onların komandaya uyğunlaşması üçün vaxt lazımdır. Meydanda bir-birimizi yaxşı başa düşmürük. Ona görə də “Qarabağ”la yüksək səviyyədə rəqabət apara bilmirik.
- Bu məğlubiyyətdən sonra “Qarabağ”la xal fərqi 14-ə yüksəldi. Artıq Ağdam klubunu çempionluq münasibətilə təbrik etmək olar?
- Arada böyük xal fərqi var. Amma biz “Neftçi”yik, Azərbaycanın ən böyük klublarından biriyik. Təslim olmayacaq, mövsümün sonunadək vuruşacağıq. Görək, necə olacaq? Açığı, indidən “Qarabağ”ın çempionluğu barədə danışmaq tezdir. Çünki qarşıda hələ çox oyun var. Oyunumuzu inkişaf etdirməli və hər bir matça hazır olmalıyıq. Həmçinin sabit oyun göstərməliyik.
- “Neftçi”nin oyunundakı ən başlıca problemlərdən biri sabitlikdir. Bunu nə ilə əlaqələndirərdiniz?
- Birincisi, komandada yeni futbolçular var. İkincisi, yeni sistemlə oynayırıq. Mövsümün ilk yarısında 5-li müdafiə ilə çıxış edirdiksə, fasilədən sonra arxa xətdə 4 oyunçu yer alır. Buna öyrəşməyə çalışırıq. Yeni ildə keçirdiyimiz hər iki rəsmi görüşdə qələbə qazana bilməmişik. Hər şeyə yenidən başlamaq lazımdır.
- Sistem dəyişikliyindən sonra 4-lü müdafiə xətti ilə oynamaq çətinlik yaratmır?
- Mən peşəkar futbolçuyam. Baş məşqçi sistemi dəyişirsə, 4-lü müdafiə ilə oynamalıyam. Vaxta ehtiyacımız var. Bunun nə dərəcədə uğurlu olacağını zaman göstərəcək. Mənim üçün heç bir fərqi yoxdur. İstənilən sistemdə oynaya bilərəm.
- Özünüz də qeyd etdiniz ki, komandaya yeni futbolçular cəlb olunub. Ümumiyyətlə, “Neftçi”də heyətlə bağlı tez-tez dəyişikliklər baş verir və bu da komandanın sabiq oyun göstərməsinə mənfi təsir edir...
- Tamamilə doğrudur. Sizin də dediyiniz kimi, hər il heyətimiz dəyişir. “Qarabağ”da isə belə deyil. Hər mövsüm maksimum 2-3 yeni futbolçu alırlar. Biz isə ən azı 4-5 futbolçu dəyişirik. Niyə belə olduğunu mən də bilmirəm. Bu sualı klubdan kiməsə vermək lazımdır. Mən futbolçuyam, yalnız öz oyunum barədə danışa bilərəm.
- AFFA Məşqçilər Komitəsinin üzvü, “Neftçi”nin sabiq baş məşqçisi Ağasəlim Mircavadov “Report”a müsahibəsində bildirib ki, bəzi futbolçular komandanızda oynamağa layiq deyillər. Mütəxəssisin fikirlərinə münasibətinizi bilmək maraqlı olardı...
- O, daha əvvəl “Neftçi”yə rəhbərlik edibsə, bu sahə üzrə mütəxəssisdirsə, haqlı ola bilər. Bu barədə heç nə deyə bilmərəm. Çünki mən özüm də futbolçuyam. Yalnız onu deyə bilərəm ki, yeni gələn futbolçuların adaptasiyasına kömək etməli və oyunumuzu yaxşılaşdırmalıyıq. Kimin nə dediyinə şərh verə bilmərəm.
- Qarşıda “Sabah” klubuna qarşı Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu var. İlk matçdakı 1:1 hesablı heç-heçədən və sərgilənən oyundan sonra bu rəqibi keçəcəyinizə inanırsınız?
- Bizim üçün ən vacib oyunlardan biri olacaq. Meydana yalnız qələbə üçün çıxacağıq. Başqa variantımız yoxdur. Nəticənin necə olacağını oyun göstərəcək. Ümid edirəm ki, özümüzü ən yaxşı tərəfdən göstərib “Neftçi”nin inkişafda olduğunu sübuta yetirəcəyik. Çünki bəlkə də bu, cari mövsümdə titul qazanmaq üçün son şansımızdır. Hazırda ən böyük ümidimiz ölkə kubokunadır. Amma rəqib də əla formadadır. Bizə qarşı yaxşı oyun göstərdilər. Ardınca çempionatda “Qəbələ”yə böyük hesabla qalib gəldilər. “Sabah” yaxşı komandadır. Deyə bilərəm ki, əsl paytaxt derbisi olacaq.
- Yayda “Neftçi” ilə müqaviləniz başa çatacaq. Gələcək karyeranızla bağlı qərar vermisiniz?
- “Neftçi”də qalıb-qalmayacağımı bilmirəm. Görək, klub rəhbərliyi, baş məşqçi nə deyəcək. Məndən razı qalsalar, yeni müqavilə barədə danışacağıq.
- Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna keçdi. Xorvatiya və Serbiya futbolu bir-birinə çox yaxındır. Sizcə, Emreli orada uğur qazana biləcək?
- Mahir yaxşı seçim etdi. Ümid edirəm ki, orada hər şey istədiyi kimi alınacaq. “Dinamo” Xorvatiyanın ən böyük klubudur. Düşünürəm ki, Zaqreb komandası onun karyerasının ən yaxşı mərhələlərindən biri olacaq. “Dinamo” daim çempion olur, avrokubokların qrupunda çıxış edir.
- “Dinamo” 3-5-2 taktiki sxemi ilə oynayır və hazırda komandada 5 aparıcı hücumçusu var. Mahir Emreli orada əsas heyətə düşmək gücündədir?
- Doğrudan da “Dinamo”da Mislav Orşiç və Bruno Petkoviç kimi təcrübəli forvardlar var. Mahir əsas hücumçu olmaq üçün ilk növbədə, formasını bərpa etməli, çempionata tez uyğunlaşmalı və baş məşqçinin etimadını qazanmalıdır. Yaxşı futbolçudur, inanıram ki, bunun öhdəsindən gələcək.